...

9 yaşlı Fariz Bədəlovun ermənilər tərəfindən qətlə yetirilməsi beynəlxalq hüquq normalarına ziddir - azərbaycanlı deputat

Ermənistan-Azərbaycan münaqişəsi Materials 11 Aprel 2011 16:40 (UTC +04:00)
9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olmaqla yanaşı, bir insanlıq faciəsidir.
9 yaşlı Fariz Bədəlovun ermənilər tərəfindən qətlə yetirilməsi beynəlxalq hüquq normalarına ziddir - azərbaycanlı deputat

Fransa, Strasburq, 11 aprel /Trend, müxbir A.Məhərrəmli/

9 yaşlı Fariz Bədəlovun qətlə yetirilməsi bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olmaqla yanaşı, bir insanlıq faciəsidir. Trend-in məlumatına görə, bu fikirləri AŞ PA-nın bazar ertəsi öz işinə başlayan yaz plenar sessiyası çərçivəsində finlandiyalı deputat Sinikka Hurskainen tərəfindən hazırlanan Büronun və Daimi Komitənin proqres hesabatı ətrafında aparılan müzakirələr zamanı çıxışında Azərbaycanın qurumdakı nümayəndə heyətinin üzvü Qənirə Paşayeva deyib.

"Bu ilin mart ayının 8-də Beynəlxalq qadınlar bayramı günündə Ermənistan Silahlı Qüvvələri işğal etdikləri Azərbaycan torpaqlarında qurduqları mövqelərindən - Ağdamın işğal altında olan kəndlərindən - Ağdam rayonunun Orta Qərvənd kəndinin 9 yaşlı sakini Fariz Bədəlovu öz evlərinin həyətlərində oynayan zaman snayperlə başından hədəf alaraq qətlə yetirib. Ailənin tək övladı olan Fariz Bədəlovun faciəli şəkildə qətlə yetirilməsi bütün beynəlxalq hüquq norma və prinsiplərinə zidd olmaqla yanaşı, bir insanlıq faciəsidir. Beynəlxalq qadınlar bayramında bir ananın gözləri əbədiyyən yaşlı qoyuldu. Mən burada Ermənistanla sərhəd bölgəsini təmsil edən bir millət vəkiliyəm. Orada yaşayan insanlar, yeganə övladı qətlə yetirilən ana məndən onların səsini, fikirlərini sizə çatdırmağı xahiş ediblər. O ana soruşur: "Axı mənim 9 yaşlı uşağımın günahı nə idi ki, onu qətlə yetiriblər? Bəs mənim 9 yaşlı övladımı qətlə yetirənlər cəzasızmı qalacaq? İnsan haqlarının qorunması təməlləri üzərində qurulmuş AŞ, onun Parlament Assambleyası niyə susur, niyə Ermənistan Silahlı Qüvvələrinin 9 yaşlı bir uşağı qətlə yetirməsini pisləmir? Niyə bir bəyanat və açıqlama ilə çıxış etmir? Nə üçün Ermənistandan AŞ-yə daxil olarkən Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə dair üzərinə götürdüyü öhdəliyi yerinə yetirməsini, AŞ PA-nın 2005-ci ildə qəbul etdiyi qətnaməni yerinə yetirməsini tələb etmir?" Övladı qətlə yetirilən ana bu suallara cavab istəyir. Onun qətlə yetirilmiş yeganə övladını heç kəs ona qaytara bilməz, amma o, ən azı ədalət istəyir və bunu bu təşkilatdan gözləyir. Ümid edirəm ki, 9 yaşlı bir uşağın qətlə yetirilməsinə, yeganə övladını itirmiş ananın çağırışlarına AŞ, onun Parlament Assambleyası biganə qalmayacaq və 9 yaşlı Fariz Bədəlovun Ermənistan Silahlı Qüvvələri tərəfindən qətlə yetirilməsini qətiyyətlə pisləməklə yanaşı, Ermənistandan cinayətkarların cəzalandırılmasını, AŞ qarşısında üzərinə götürdüyü öhdəliyi və AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnamənin yerinə yetirilməsini tələb edəcək. Ümid edirəm ki, siz bir uşağın qətlinə, bir ananın göz yaşlarına biganə qalmayacaqsınız və bu hadisəni pisləyəcək yazılı bəyanatı imzalayacaqsınız. Ümid edirik ki, siz uşaqların, sivil insanların qətlə yetirilməsinin dayandırılması üçün öz səsinizi ucaldacaqsınız. Burada Ermənistan nümayəndə heyətinin üzvləri Harutunyan və Rüstəmyan çıxış etdilər. Biz gözləyirdik ki, onlar Ermənistan Silahlı Qüvvələrinin törətdiyi cinayətə görə - 9 yaşlı Fariz Bədəlovu qətlə yetirilməsinə görə ən azı burada üzr istəyəcəklər. Təəssüf edirəm ki, onlar bunu etmədilər. Və onların dövlətinin apardığı siyasətin simasını bir daha göstərdilər", - Paşayeva bildirib.

Millət vəkili 9 yaşlı uşağın qətlinin Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən birinci hadisə olmadığını deputatların diqqətinə çatdırıb.

"Ermənistanla sərhəd bölgələrini təmsil edən bir millət vəkili olaraq bildirmək istəyirəm ki, bu hadisə Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən birinci hadisə deyil. Ermənistan SQ tez-tez atəşkəs rejimini pozaraq işğal etdiyi Azərbaycan bölgələrində qurduqları mövqelərindən Azərbaycan kəndlərini, sivil insanları snayperlərlə hədəf alaraq qətlə yetirir və ya yaralayırlar. Günahsız insanlar qətlə yetirilir, bunu törədənlər nəinki cəzalandırılmır, əksinə, mükafatlandırılır. Günahsız qətlə yetirilən insanların ailə üzvləri, 15 ildən artıqdır ki, öz evlərinə dönə bilməyən 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkün sizi Ermənistandan günahsız insanların qətlə yetirilməsinin dayandırılmasını, 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz evlərinə dönməsinə imkan verməsini, AŞ PA-nın 1416 saylı qətnaməsində deyildiyi kimi, işğal etdiyi Azərbaycan torpaqlarından çəkilməsini, AŞ qarşısında üzərinə götürdüyü öhdəliyi və qurumun qəbul etdiyi qətnamələri yerinə yetirməsini tələb etməyə, bu məsələlərə laqeyd qalmamağa çağırır. Seçim sizindir. Mən sizi ədaləti dəstəkləməyə çağırıram. Onu da vurğulamaq istəyirəm ki, Ermənistan bu addımları ilə bölgədə onsuz da gərgin olan vəziyyəti daha da gərginləşdirib. Lakin Ermənsitanın bölgədə vəziyyəti gərginləşdirən addımları bununla bitmir", - millət vəkili əlavə edib.

Azərbaycanlı deputat Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ bölgəsində bütün beynəlxalq hüquq normalarına zidd olaraq aeroport tikintisini həyata keçirməsini diqqətə çatdırıb.

"Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında, Dağlıq Qarabağ bölgəsində bütün beynəlxalq hüquq normalarına zidd olaraq aeroport tikintisini həyata keçirir. Rəsmi Yerevanın bu addımları beynəlxalq hüquq normaları ilə yanaşı, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsinə dair 4 qətnaməsinə, Ermənistanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərə, AŞ PA-nın 1416 saylı qətnaməsinə tamamilə ziddir. Azərbaycanın işğal olunmuş ərazilərində aeroport tikintisinin həyata keçirilməsi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə tənzimlənməsinə dair ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqlar prosesinə də böyük bir zərbədir. Eyni zamanda, Ermənistanın bu addımı bölgədəki gərgin vəziyyəti daha da gərginləşdirib. Təəssüflər olsun ki, Azərbaycan tərəfinin bütün etirazlarına baxmayaraq, Ermənistan rəsmiləri bölgədə vəziyyəti daha da gərginləşdirən addımlar atmaqda və açıqlama verməkdə davam edir. Ermənistan Prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsində inşa olunan aeroporta enərək təyyarənin ilk sərnişininin özü olacağı ilə bağlı açıqlamaları beynəlxalq hüquqa, Ermənistanın AŞ qarşısında üzərinə götürdüyü öhdəliklərinə, AŞ PA-nın 1416 saylı qətnaməsinə tamamilə ziddir. Bütün bunları nəzərə alaraq, AŞ PA Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında aeroport inşa etməsi addımını qətiyyətlə pisləməklə yanaşı, rəsmi Yerevanı aeroportun tikintisini dayandırmağa, Ermənistan rəhbərliyini bu cür addımlar atmaqdan və bəyanatlar verməkdən çəkinməyə, AŞ qarşısnda üzərinə götürdüyü öhdəlikləri, AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnaməni yerinə yetirməyə, işğal etdiyi Azərbaycan torpaqlarını azad etməyə və 1 milyon azərbaycanlı qaçqın və məcburi köçkünün öz yurd-yuvasına dönməsinə imkan verməyə çağırmalı və tələb etməlidir", - millət vəkili qeyd edib.

Millət vəkili Ermənistan nümayəndə heyətinin AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin əleyhinə açıqlamalarına da münasibət bildirib.

"Biz Ermənistan nümayəndə heyətinin AŞ PA-nın Dağlıq Qarabağ üzrə Alt Komitəsinin əleyhinə açıqlamalarını anlaya bilmirik. Gəlin xatırlayaq: bu Komitə niyə yaranmışdı? Bu Komitə AŞ PA-nın qəbul etdiyi 1416 saylı qətnamənin necə yerinə yetirilməsinə nəzarət etmək və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi istiqamətində müzakirələrin, dialoqun aparılması üçün bir qurum kimi yaradılıb. Azərbaycan bu Komitənin fəaliyyətini dəstəkləyir, çünki biz münaqişənin dinc yolla həll olunmasını istəyirik. Ermənistanın bundan imtina etməsi bir daha onun göstərir ki, onlar münaqişənin həllində maraqlı deyillər", - Paşayeva bildirib.

Xəbər lenti

Xəbər lenti