...

Ermənistanın qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllini labüd edir - politoloq

Ermənistan-Azərbaycan münaqişəsi Materials 21 İyul 2011 13:54 (UTC +04:00)
Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində radikal mövqe sərgiləməlidir.
Ermənistanın qeyri-konstruktiv mövqeyi Dağlıq Qarabağ münaqişəsinin hərb yolu ilə həllini labüd edir - politoloq

Azərbaycan, Bakı, 21 iyul /Trend, müxbir T.Hacıyev/

Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində radikal mövqe sərgiləməlidir. Trend-in məlumatına görə, bu barədə cümə axşamı keçirdiyi mətbuat konfransında Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirib.

"Kazan görüşünün nəticəsiz başa çatması onu göstərir ki, ermənilər Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həll olunmasını istəmirlər. Bunu ATƏT-in Minsk qrupu da yaxşı bilir. Kazan görüşünün nəticəsiz başa çatması Rusiya üçün də mənfi haldır", - Əhmədoğlu deyib.

Politoloq xatırladıb ki, Ermənistanın qeyri-konstruktiv mövqe sərgiləməsi münaqişənin hərb yolu ilə həll olunmasını labüd edir.

"Hazırda Azərbaycan sürətlə silahlanır. Gələn il Azərbaycanın hərbi büdcəsinin 3,5 milyard manata qədər artırılacağı gözlənilir. Bu isə təqribən 4,3 milyard dollar deməkdir. Bu silahlanma əvvəl-axır öz sözünü deyəcək. Bu münaqişə dinc yolla həll olunmasa, silahlar "danışmağa" başlayacaq. Bundan qaçmaq mümkün deyil", - Əhmədoğlu vurğulayıb.

O hesab edir ki, münaqişənin həll olunması istiqamətində Dağlıq Qarabağın azərbaycanlı və erməni icmaları arasında danışıqların aparılması vacibdir.

"Ancaq nədənsə, ATƏT-in Minsk qrupu heç vaxt belə bir təkliflə çıxış etməyib. ATƏT-in Minsk qrupu Dağlıq Qarabağ münaqişəsinin həllindən başqa hər cür işlə məşğuldur", - politoloq deyib.

İki Cənubi Qafqaz ölkəsi arasında münaqişə 1988-ci ildə Ermənistanın Azərbaycana qarşı ərazi iddiası irəli sürməsi zəminində yaranıb. Azərbaycan torpaqlarının iyirmi faizi, yəni Dağlıq Qarabağ ərazisi və bu əraziyə bitişik yeddi rayon Ermənistan Silahlı Qüvvələrinin işğalı altındadır. 1994-cü ildə tərəflər atəşkəs rejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri ATƏT-in Minsk qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ-ın həmsədrliyi ilə hələ də nəticəsiz sülh danışıqları aparılır.

BMT Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ və ətraf rayonların azad edilməsinə dair qəbul etdiyi dörd qətnaməni Ermənistan bu günə qədər yerinə yetirməyib.

Xəbər lenti

Xəbər lenti