...

Qarsda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Ermənistan-Azərbaycan münaqişəsi Materials 18 Fevral 2013 12:19 (UTC +04:00)
Türkiyənin Qars şəhərində Milliyətçi Hərəkat Partiyasının (MHP) vilayət təşkilatı Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirib.
Qarsda Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb

Azərbaycan, Bakı, 18 fevral /Trend/

Türkiyənin Qars şəhərində Milliyətçi Hərəkat Partiyasının (MHP) vilayət təşkilatı Xocalı soyqırımının ildönümü ilə bağlı tədbir keçirib.

Trend-in məlumatına görə, tədbirdən xeyli əvvəl şəhərin müxtəlif görkəmli yerlərində Xocalı faciəsinə aid xüsusi reklam lövhələri yerləşdirilib. Plakatlarda Xocalı qətliamının dəhşəti, tədbirin yeri və zamanı barədə məlumat verilib.

Tədbir şəhərin Xalq Təhsil Mərkəzinin akt zalında keçirilib. 300 nəfərlik zalda 500-ə qədər insan toplaşıb. Səhnə və divarlarda MHP, Türkiyə, Azərbaycan və digər türkdilli dövlətlərin bayraqları və Xocalı soyqırımına dair plakatlar asılıb. Tədbirdə MHP-çilərlə yanaşı, şəhər ictimaiyyətinin nümayəndələri, Qarsda çalışan Azərbaycan vətəndaşları, Azərbaycanın millət vəkili Aydın Mirzəzadə, Qars Universitetinin professorları və tələbələri iştirak ediblər.

Tədbirdə Azərbaycanın Qarsdakı baş konsulu Ayxan Süleymanov və konsulluğun işçiləri də iştirak ediblər.

Türkiyə və Azərbaycanın himnləri səsləndikdən sonra xüsusi olaraq Xocalı soyqırımına həsr olunmuş 18 dəqiqəlik sənədli film nümayiş etdirilib. Daha sonra Türkiyə və Azərbaycan şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri MHP Mərkəzi İcraiyyə Komitəsinin üzvü Məhərrəm Yıldız aparıb. O, çıxışı zamanı Xocalı qətliamını tarixin ən böyük faciələrindən biri adlandırıb.

MHP Qars vilayət təşkilatının başqanı Yavər Özcan Azərbaycanı çox sevdiklərini, MHP-çilərin həmişə qardaş xalqla bir olacaqlarını bildirib.

MHP-çi millət vəkili Sinan Özan bildirib ki, Xocalı soyqırımı bütün türk xalqlarına qarşı törədilmiş bir cinayətdir.

Digər MHP-çi millət vəkili Yusuf Halaçoğlu tarixən erməni millətçilərinin türk xalqlarına qarşı törətdikləri soyqırımlardan danışıb, qondarma "erməni soyqırımı" məsələsinin isə yalan olduğuna dair tarixi faktlar söyləyib.

Millət vəkili Aydın Mirzəzadə də tədbirdə çıxış edib.

Üç saatdan çox davam edən tədbir Türkiyə-Azərbaycan dostluğunun gücü ilə xarakterizə olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti