...

Günahsız körpənin qətli də beynəlxalq ictimaiyyətin tükünü tərpətmirsə...

Ermənistan-Azərbaycan münaqişəsi Materials 5 İyul 2017 20:52 (UTC +04:00)
Heç kəsin “bu sonuncudur” deyə bilməyəcəyi növbəti erməni təxribatı, növbəti erməni vəhşiliyi...
Günahsız körpənin qətli də beynəlxalq ictimaiyyətin tükünü tərpətmirsə...

Bəxtiyar Hacıyev – Trend:

Ermənistan silahlıları iyulun 4-də saat 20 radələrində Azərbaycanın işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndinin mülki əhalisinin və mülki obyektlərinin ərazilərini mina və qumbaraatanlardan atəşə tutaraq mülki əhalinin qəsdən öldürülməsi və vətəndaşların şəxsi əmlaklarının qəsdən məhv edilməsi məqsədilə növbəti təxribat törətdilər.

Nəticədə Alxanlı kənd sakinləri - 1966-cı il təvəllüdlü Allahverdiyeva Sahibə İdris qızı və onun nəvəsi 2016-cı il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak oldu, 1965-ci il təvəllüdlü Quliyeva Səlminaz İltifat qızı isə ağır bədən xəsarətləri aldı.

Heç kəsin "bu sonuncudur" deyə bilməyəcəyi növbəti erməni təxribatı, növbəti erməni vəhşiliyi...

Bu təxribata, vəhşiliyə, bu işğala nə vaxt son qoyulacaq? Ermənilər nə vaxt cavablarını alacaqlar? Azərbaycan öz gücünə bu münaqişəni həll etməyə tam hazırdır, lakin problemin dinc yolla həllinə çalışır, beynəlxalq təşkilatlar səviyyəsində, qan tökülmədən həllini istəyir. Axı Azərbaycan Ordusu ötən ilin aprel döyüşlərində öz torpaqlarını qəsbkarlardan azad etmək iqtidarında olduğunu bütün nümayiş etdirdi. Bəlkə Ermənistan və beynəlxalq təşkilatlar Azərbaycanın sonadək humanist siyasət yürüdəcəyini zənn edir? Xeyr! Azərbaycanın da səbrinin bir sonu var və dinc sakinlərin atəşə tutulması bu səbr kasasını daha tez daşıracaq.

Beynəlxalq təşkilatlar, xarici ölkələrin rəsmiləri "şablonlar dəftəri"ndən ən yaxşı halda ənənəvi "Ermənistanın fəaliyyəti beynəlxalq hüquq normalarına ziddir", "Ermənistana təzyiqlər göstərilməlidir", "Erməni təxribatı qəbuledilməzdir" və s. və i.a. cümlələrini seçib son erməni təxribatına münasibət bildirəcək, bununla da işlərini bitmiş hesab edəcəklər.

Bir çox beynəlxalq siyasi və özünü insan hüquqlarının təəssübkeşi kimi qələmə verən təşkilatlar Azərbaycan əleyhinə bəyanat səsləndirmək üçün dəridən-qabıqdan çıxdıqları, dövlətimizə xəyanət edən şəxslərin müdafiəsinə qalxdıqları kimi, uşaq qatili olan ermənilərin təxribatlarına da reaksiya versəydilər, yaxşı olardı. Hər gün insan hüquqları adı altında cinsi azlıqları belə müdafiə edən, lakin erməni vəhşiliyi qarşısında susan təşkilatlardan, onların bəyanatlarından, qərarlarından, konvensiyalarından və s. hansı ədaləti gözləmək olar?

"Ermənistanın fəaliyyəti beynəlxalq hüquq normalarına ziddir" – Bəli, ziddir! Sonra? Bu ziddiyyət həmin hüquq normalarını müəyyən edən təşkilatları, şəxsləri narahat edirmi? Xeyr!

"Ermənistana təzyiqlər göstərilməlidir" – Mütləq və təcili şəkildə! Kim göstərməlidir? Məlum deyil.

"Erməni təxribatı qəbuledilməzdir" – Bəs niyə edirsiniz? Məqsədli fəaliyyətsizliyiniz bu təxribatlara göz yumduğunuzu, qəbul etdiyinizi göstərir!

ATƏT-in Minsk qrupu da son bəyanatında münaqişə tərəflərini atəşkəs rejiminə riayət etməyə çağırdı. Bəs nə vaxt həmsədrlər Ermənistana qarşı konkret bəyanat səsləndirəcəklər, nəsə tələb edəcəklər? Günahsız körpənin qətli də beynəlxalq ictimaiyyətin, beynəlxalq təşkilatların, dünyanı "düzəltmək" iddiasında olan böyük dövlətlərin rəhbərlərinin, həmçinin həmsədrlərin tükünü tərpətmirsə, Azərbaycanın artıq Minsk qrupundan imtina etməyə, münaqişəni öz bildiyi kimi - ən doğru və ədalətli yolla həll etməyə tam haqqı var!

O günə az qalıb...

Məqalədə:
Xəbər lenti

Xəbər lenti