...

Millət vəkili: "Ermənistan rəhbərliyi sülh sazişini imzalamağa hazır deyil"

Ermənistan-Azərbaycan münaqişəsi Materials 6 İyun 2007 18:19 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Əlizadə/ Ermənistan rəhbərliyi hər bir imkandan istifadə edərək danışıqlar prosesini pozur və sülh sazişini imzalamağa hazır deyil. Bu barədə çərşənbə günü Bakıda Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) sədri, millət vəkili Asim Mollazada bildirib.

O qeyd edib ki, Ermənistan danışıqların imitasiyası ilə məşğul olur və İrəvanın həyata keçirdiyi siyasət Cənubi Qafqazın inkişafının qarşısını alır, müsbət proseslərin genişlənməsinə imkan vermir.

"Ermənistan prezidenti Robert Koçaryanın həyata keçirdiyi siyasət həm Azərbaycan, həm də erməni xalqının mənafeyinə ziddir. Koçaryan işğalçı siyasət yürütməklə başqa qüvvələrə xidmət edir və Cənubi Qafqazda sülhün yaranmasının qarşısını alan əsas maneədir", -deyə millət vəkili əlavə edib.

Mollazadə vurğulayıb ki, Azərbaycan və Ermənistan prezidentləri Sankt-Peterburqda münaqişənin həlli ilə bağlı yeni təklifləri müzakirə edə bilərlər. Onun fikrincə, münaqişənin həllinə dair yeni təkliflər və detallar var: "Beynəlxalq ictimaiyyət bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü əsasında və tezliklə həll olunmasını istəyir. Çox təəssüf ki, Ermənistanın siyasəti buna imkan vermir".

Dağlıq Qarabağın gələcək statusunun müəyyənləşdirilməsi üçün referendumun keçirilməsinə gəlincə millət vəkili deyib ki, hər hansı referendum yalnız Azərbaycanın daxilində, ölkənin bütün ərazisində olmalıdır və Azərbaycan xalqının iradəsini ifadə etməlidir. O bildirib ki, Azərbaycan xalqının iradəsi olmasa, heç kəsin ölkənin sərhədlərini dəyişmək hüquqi yoxdur: "Bütün ölkəni əhatə edən referendum keçirmədən Azərbaycanın bir qarış da olsun torpağını kiməsə güzəştə getmək olmaz. Dağlıq Qarabağın gələcək statusunu müəyyənləşdirəcək referendum Azərbaycanın bütün ərazisində keçirilməlidir".

Mollazadə hesab edir ki, Azərbaycanın daxilində milli məsələlərlə bağlı həmrəyliyə nail olunmalıdır. Deputat qeyd edib ki, milli məsələlərdə iqtidar-müxalifət anlayışı ola bilməz: "Biz belə bir yanaşmanı qəbul etmirik. Bizim üçün Dağlıq Qarabağ və Azərbaycanın ərazi bütövlüyü məsələləri hər hansı partiya maraqları ilə əlaqələndirilə bilməz. Bu kimi məsələlərin həlli üçün bütün cəmiyyət səfərbər olmalıdır, bütün intellektual imkanları, ictimai-siyasi qüvvələri münaqişənən həlli istiqamətində vahid mövqedən çıxış etməlidirdlər. Mən Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmada özümü müxalifət hesab etmirəm və buna haqqım da yoxdur".

İyunun 10-da Rusiyanın Sankt-Peterburq şəhərində Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Robert Koçaryan arasında növbəti görüş keçiriləcək.

Ermənistan Azərbaycan ərazisinin 20 faizini - Dağlıq Qarabağı və ətrafındakı yeddi rayonu işğal edib. Bu ərazilər 1992-ci ildən indiyədək erməni silahlı qüvvələrinin işğalı altındadır. 1994-cü ildə Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında razılıq əldə olunub.

Xəbər lenti

Xəbər lenti