...

Azərbaycanda gənclər arasında siyasətə meyl güclü deyil -- sorğu

Siyasət Materials 14 Aprel 2008 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 14 aprel / Trend , müxbir C.Babayeva/ Keçən həftə müxalifəti təmsil edən Azərbaycan Milli Demokrat Partiyasının sədri, keçmiş daxili işlər naziri İsgəndər Həmidov partiya sədrliyindən istefa verib siyasətdən getdiyini bəyan edib. Həmidov istefasnın səbəbini gənclərə yol açması ilə izah edib. İllərdir ki, yeni gənc müxalifət liderlərinin meydana gəlməməsinin səbəblərini öyrənmək məqsədilə Trend gənclər təşkilatlarının sədrləri arasında sorğu aparıb.

Müsavat partiyası gənclər təşkilatının sədri Tural Abbaslı - Heç bir siyasi liderin öz yerinə kimisə yetişdirməklə bağlı öhdəliyi yoxdur. Siyasətlə məşğul olmaq istəyən gənc özü buna həvəs göstərməlidir. Hər hansı bir siyasi lider öz yerini verən, illərlə qazandığı hörməti kiməsə ötürən deyil. Fikrimcə, siyəsətdə yaş məsələsi mücərrəd məsələdir. Hər hansı bir gənc siyasi liderin yerinə keçmək istəyirsə, o, mübarizə aparıb həmin yeri qazanmalıdır. Gözləməməlidir ki, həmin vəzifə ona varislik kimi ötürülsün.

Ənənəvi müxalifət liderləri siyasətdən gedəcəyi halda onları əvəz edəcək qüvvə varsa, həmin qüvvə onların getməyini gözləməməlidir. Güclü qüvvədirsə, meydana çıxmalıdır. Bir neçə dəfə yeni qüvvənin meydana çıxması üçün şans olsa da, yeni qüvvələr bu şanslardan istifadə etməyib. Ənənəvi müxalifət heç də yeni müxalif qüvvənin qarşısını almır. Siyasi fəaliyyətlə məşğul olmaq istəyən gənclərə əksər müxalif partiyalar əlindən gələn köməyi əsirgəmir.

Vətəndaş və İnkişaf partiyası gənclər təşkilatının sədri Nurəddin Babayev - Siyasətdə Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədov kimiləri, ambisiyaları üzündən gənclərə yol açmağa qısqanclıqla yanaşıb, yerlərini onlara vermək istəmirlər. Gənc siyasi liderlərin meydana gəlməsi üçün gənclər siyasətə maraq göstərməlidir.

Gənc siyasi liderlər radikallıqdan uzaq olmalı, opponentlik etməyi bacarmalıdırlar. Fikrimcə, 30 yaşadək gəncin ciddi siyasi qüvvəyə çevrilməsi çətin məsələdir. Gənclərin hazırki siyasi liderlərə dəstək verməsi ən uğurlu variant olardı.

"İrəli" Ümumrespublika Gənclər Hərəkatının həmtəsisçiçi Elnarə Qəribova - İlk növbədə, gənclər intellektual, dünyagörüşü baxımından inkişaf etməlidirlər. Bir vətəndaş kimi tam inkişaf edən gənc siyasi mövqeyini müəyyənləşdirə bilər. Təəssüf ki, bizim gənclər 17-18 yaşlarında, siyasəti dərk etmədən siyasətə atılıb lider kimi formalaşmağa çalışırlar. Qərb ölkələrində isə, gənclər 27-28 yaşdan sonra siyasətlə məşğul olmağa başlayırlar.

Azərbaycan Xalq Cəbhəsi Partiyası gənclər təşkilatının sədri Seymur Həziyev - Gənc siyasi liderlərin yetişməməsi cəmiyyətin ümumi problemidir. Yeni nəslin indiki şəraitdə iqtisadi baza qurmaq problemi var. Heç bir gənc siyasətçi siyasətlə məşğul olmaq üçün lazımi bazanı toplaya bilmir. Gənclər seçkili strukturlarda, partiyanın yaradılmasında iştirak edib bəzi vəzifələrə yüksələ bilirlər. Partiya sədrliyinə ona görə gələ bilmirlər ki, bunun üçün xeyli vəsait tələb olunur. Həmin vəsaiti toplamaq üçün iqtisadi imkan lazımdır. Gənc siyasi liderlərin meydana çıxmasının qarşısını almaq üçün xüsusi bir embarqo mövcud deyil. Sadəcə, subyektiv zəmin imkan vermir ki, gənc siyasətçilər meydana çıxsın.

Demokratik İslahatlar Partiyası gənclər təşkilatının sədri Ramin Hacılı - Siyasi liderlərin geri çəkilib, onların yerinə gənclərin gəlməsi praktikası dünyanın heç bir ölkəsində mövcud deyil. Gənc siyasi liderlərin yetişməsi üçün mühit olmalıdır. Bu gün Azərbaycanda siyasi liderləri qınamaqdan daha çox, mühiti qınamaq lazımdır.

Məqalə müəllifi ilə əlaqə saxlamaq üçün elektron ünvan -

Xəbər lenti

Xəbər lenti