...

Müxalif qurum siyasi partiyalara müraciət edib

Siyasət Materials 21 Aprel 2008 17:26 (UTC +04:00)

Azərbaycan, Bakı, 21 aprel / Trend , müxbir C.Babayeva/ Demokratik Seçki Mərkəzi (DSM) mayın 12-nə planlaşdırdığı mitinqində kütləviliyi təmin etmək məqsədilə Azərbaycan xalqına və siyasi mövqeyindən asılı olmayaraq bütün siyasi qurumlara müraciət edib. Bu barədə bazar ertəsi Trend a DSM-dən məlumat verilib.

Yanvarın 30-da doqquz müxalifət partiyası - Klassik Xalq Cəbhəsi, Azadlıq, Milli-Demokrat, Böyük Quruluş, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Azərbaycan, Açıq Cəmiyyət, Təkamül və Yaşıllar partiyaları Demokratik Seçki Mərkəzinin yaradılması barədə qərar qəbul edib.

12 may - Bişkək sazişinin imzalanmasının ildönümü günü Bakının mərkəzi hissəsində keçirilməsi planlaşdırılan mitinqdə Azərbaycan ordusunda radikal islahatların aparılması və rəsmi Bakının Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair götürdüyü öhdəlikdən imtina etməsi tələbləri səsləndiriləcək.

1994-cü il 12 mayda Bişkək şəhərində imzalanmış saziş əsasında Ermənistan və Azərbaycan silahlı qüvvələrinin təmas xəttində atəşkəs rejimi tətbiq olunub və o vaxtdan indiyədək bu rejim davam edir.

DSM bəyan edir ki, Azərbaycan xalqı öz torpaqlarının Ermənistan tərəfindən işğal olunması faktı ilə barışmayacaq.

"Azərbaycan xalqının bu vahid mövqeyini bir daha beynəlxalq ictimaiyyətə, dünya dövlətlərinə, beynəlxalq təşkilatlara və təcavüzkar Ermənistana çatdırmaq üçün DSM Azərbaycan xalqını və bütün siyasi partiyaları 12 may mitinqinə dəvət edir", deyə müraciətdə qeyd olunub.

DSM mitinqi Bakının beş mərkəzi meydanlarının birində - Dənizkənarı Milli Park, Nəriman Nərimanov kinoteatrının qarşısındakı meydan, Füzuli meydanı, Elmlər Akademiyasının bağı və Cəfər Cabbarlı meydanında keçirməyi planlaşdırır.

DSM-də təmsil olunan Açıq Cəmiyyət və Yaşıllar Partiyası mitinqdə iştirak etməyəcək. Bu iki partiya hesab edir ki, DSM yalnız seçki məsələləri ilə əlaqədar tədbirlər keçirməlidir və onlar mitinqin tələbləri ilə razılaşmırlar.

Xəbər lenti

Xəbər lenti