...

Bakı Dövlət Universitetinin tələbələri referendumla bağlı ölkə gənclərinə müraciət ediblər

Siyasət Materials 10 Mart 2009 14:16 (UTC +04:00)

Azərbaycan, Bаkı, 10 mart  / Trend , müxbir A.Hüseynbala /  

Bakı Dövlət Universitetinin politologiya fakültəsinin tələbələri referendumla bağlı ölkə gənclərinə müraciət ediblər. Referendumla bağlı təsis edilən "Şəhər" və "Vətəndaş Cəmiyyəti" təşviqat qruplarının nümayəndələrinin iştirak etdiyi tədbirdə Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərə gələcək politoloq kimi təhsil alan gənclərin münasibətləri açıqlanıb.

"Konstitusiyaya ediləcək əlavə və dəyişiklilər demokratik cəmiyyətin qurulmasında, insan haqq və azadlıqlarının daha da genişləndirilməsində xüsusi rola malikdir", - çərşənbə axşamı BDU-nun Heydər Əliyev məktəbində təşkil olunan tədbirdə çıxış edən politilogiya fakültəsinin tələbəsi Emin Əsgərov bildirib.

Тrend Nеws-un arayışı: Azərbaycanda referendumla bağlı təsis edilən təşviqat qrupları fevralın 18-dən etibarən təbliğat kampaniyasına start veriblər.

Mərkəzi Seçki Komissiyasının qərarı ilə həftə ərzində bir dəfə 90 dəqiqə İctimai Televiziyada, 90 dəqiqə isə İctimai Radioda efir vaxtı müəyyənləşdirilib. Televiziyada efir vaxtı saat 18:15-dən, radioda isə saat 20:15-dən başlayacaq. Təşviqat kampaniyası zamanı bütün təşviqat qrupları üçün həm televiziyada, həm də radioda dörd dəfə pulsuz efir vaxtı ayrılacaq.

Referendumla bağlı qəbul olunmuş təqvim planına əsasən, təbliğat kampaniyası martın 16-da saat 24:00-da başa çatdırılmalıdır.

Martın 18-də Azərbaycanda ölkə Konstitusiyasına əlavə və dəyişikliklərin edilməsi üzrə referendum keçiriləcək.

Referendum üzrə "Yeni Azərbaycan", "Şəhər", "Tərəqqi", "Hüquq və demokratiya", "Vətəndaş Cəmiyyəti", "Davamlı İnkişaf Naminə", "Zəka", "Qarabağ və Respublika Uğrunda Hərəkat" və "Respublikaçılar" təşəbbüs qrupları MSK-da təşviqat qrupları kimi qeydiyyata alınıblar. "Abad kənd", "Azad söz", "Azərbaycan Xalq Cümhuriyyəti" və "Milli İstiqlal" təşəbbüs qrupları qeydiyyatdan keçməyib.

Azərbaycan Konstitusiyası 1995-ci ildə qəbul olunub, 2002-ci ildə Əsas Qanuna dəyişikliklər edilib.

"Referendumun keçirilməsində əsas məqsəd əsasını ümummilli liderimiz Heydər Əliyevin qoyduğu, təməl prinsipləri Azərbaycanın inkişafı, daha demokratik cəmiyyətin qurulması olan Konstitusiyanın daha da təkmilləşdirilməsidir" - tədbirdə qəbul olunan müraciətdə bildirilir.

Sənəddə qeyd edilir ki, istənilən dövrdə Azərbaycan gəncliyinin siyasi proseslərdə öndə getməsi nəticəsində bu gün Konstitusiyaya nəzərdə tutulan əlavə və dəyişikliklərin də birbaşa gənclərin maraqlarını əks etdirməsi təbii və başadüşüləndir. "Bütün bunları nəzərə alaraq Azərbaycanımızın inkişafı üçün biz hər zaman olduğu kimi bu gün də aktiv olmalı, cəmiyyətimizin daha da demokratikləşməsinə doğru istiqamətlənən bu referendumda yaxından iştirak etməliyik və gəncliyimizin parlaq gələcəyi naminə cənab prezidentimiz İlham Əliyevin yeritdiyi siyasi kursu dəstəkləməliyik", - müraciətdə vurğulanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti