...

İranda Nəzarət Şurası və Məsləhət Şurasının seçkilərə nəzarət etməsinə qarşıyam – prezidentliyə namizəd

Siyasət Materials 15 Aprel 2009 18:28 (UTC +04:00)

İranda prezident seçkilərinə namizəd Mir Hüseyn Musəvi bildirib ki, Nəzarət Şurası və Məsləhət Şürasının seçkilərə nəzarət etməsinə qarşıyam, lakin bu qanunu icra edəcəm. Bu barədə MEHR xəbər agentliyi məlumat yayıb.

"Mən Konstitusiyada icazə verilmiş, Nəzarət Şurası və Məsləhət Şürasının seçkilərə nəzarət etməsinə qarşıyam, lakin bu qanunu icra edəcəm. Fikrimcə, bu məsələ ilə bağlı qanunda düzəlişlər olunacaq", - deyə İranın sabiq baş naziri və prezident seçkilərinə namizəd Mir Hüseyn Musəvi bildirib. Onun sözlərinə görə, heç kəs qanunu qəbul etmədiyi üçün ona əməl etməkdən boyun qaçıra bilməz.

Musəvi əlavə edib ki, "İran İnqilabından sonra ölkənin idarəsi üçün nəzərdə tutulmuş qanunlar dağılmaq üzrə olduğundan bu gün öz namizədliyimi irəli sürmüşəm. "Biz əhd etmişik ki, xalqımızla sədaqətli olmalı, ölkə sərvətlərini və irsini təkmilləşdirərək gələcək nəsillərə çatdırmalı, onları dağıtmamalıyıq", - deyə Musəvi bildirib.

İranda prezident seçkiləri 4 ildən bir keçirilir. Prezidentliyə namizədlər Nəzarət Şurası (Şuraye Negəhban) tərəfindən təsdiqləndikdən sonra seçki prosesinə qatıla bilərlər. Prezident seçilən şəxs Ali Dini Rəhbər tərəfindən təsdiqləndikdən sonra status əldə edir. Ali Dini Rəhbərdən sonra ikinci səlahiyyətli şəxs olan prezident bütün icra aparatına nəzarət edir, xarici və daxili siyasət kurslarını müəyyənləşdirir.

İranın dini lideri Əli Xameneyi ölkə siyasətinə böyük təsirə malikdir. O, dövlət hakimiyyətinin bütün əsas təsir vasitələrinə - məhkəmələr, ordu və KİV-ə nəzarət edir. İranın dini liderinin səlahiyyətləri 1989-cu ildə konstitusiyaya edilən dəyişikliklərdən sonra genişləndirilib. İran konstitusiyasının 110-cu maddəsinə əsasən İran hökumətinin siyasətinin müəyyənləşdirilməsi də dini liderin səlahiyyətinə aiddir.

Xəbər lenti

Xəbər lenti