...

Azərbaycan Parlamentinin deputatları ABŞ Konqresinin Dağlıq Qarabağın separatçı rejiminə yardım ayırmasına etiraz ediblər

Siyasət Materials 15 Dekabr 2009 12:47 (UTC +04:00)
“ABŞ Konqresinin Dağlıq Qarabağın erməni icmasına yardım ayırması ilə bağlı paralmentdə xüsusi müzakirələr keçirilsin və Konqresə müraciət edək”, - Trend News-un məlumatına görə, çərşənbə axşamı Milli Məclisin deputatı Musa Quliyev bildirib.
Azərbaycan Parlamentinin deputatları ABŞ Konqresinin Dağlıq Qarabağın separatçı rejiminə yardım ayırmasına etiraz ediblər

Azərbaycan, Bakı, 15 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentinin deputatları ABŞ Konqresinin Dağlıq Qarabağa yardım ayırmasına etiraz ediblər.

"ABŞ Konqresinin Dağlıq Qarabağın erməni icmasına yardım ayırması ilə bağlı paralmentdə xüsusi müzakirələr keçirilsin və Konqresə müraciət edək", - Trend -un məlumatına görə, çərşənbə axşamı Milli Məclisin deputatı Musa Quliyev bildirib.

Trend -un arayışı: Dekabrın 8-də ABŞ Konqresinin Senat və Nümayəndələr Palatası üzvlərinin birgə konfransında ABŞ dövlət qurumlarının 2010-cu maliyyə ili üzrə büdcələri barədə ümumiləşdirilmiş qanun layihəsi qəbul edilib.

Quliyevin sözlərinə görə, erməni separatçılarına yardım ayrılması beynəlxalq hüququn bütün normalarını pozur. "Azərbaycanın ərazi bütövlüyünü tanıyan ABŞ-ın bu addımı separatçılara mənəvi və maddi dəstək verməkdir. Bu addım Azərbaycanda ABŞ dövlətinə etibarı və inamı azaldır", - millət vəkili əlavə edib.

Onun fikrincə, ABŞ Qarabağın erməni icmasına Azərbaycan hökuməti vasitəsilə də yardım edə bilərd. "Əgər Konqres Azərbaycana bu məqsədlə vəsait ayırsaydı, biz həm erməni, həm də azərbaycanlı icmasına yardım verərdik", - Quliyev vurğulayıb.

Millət vəkili bütün bunları nəzərə alaraq Milli Məclisin xüsusi qərar qəbul edərək Konqresə göndərməsinin vacib olduğunu xatırladıb.

"Dağlıq Qarabağa yardım edilməsi daha çox ABŞ-ın özünün ziyanına olan addımlardır", - Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov bildirib.

Hüseynovun sözlərinə görə, vaxtilə ümummilli lider Heydər Əliyev ABŞ-ın bu cür addımlarına münasibət bildirib.

"ABŞ öz ədalətli imicini itirir. Konqresin bu addımı bir daha ABŞ-ın ədalətli dövlət olmadığı imicini artırır", - o əlavə edib.

Komitə sədrinin fikrincə, parlament yubanmadan müvafiq qərar qəbul edərək ABŞ hökumətinə etiraz etməlidir.


Məqalə müəllifi ilə əlaqə ünvanı: [email protected]

Xəbər lenti

Xəbər lenti