...

Azərbaycan Parlamentində bələdiyyələrin reyestrinin aparılması haqqında əsasnamə qəbul edilib

Siyasət Materials 29 Dekabr 2009 12:34 (UTC +04:00)
"Azərbaycanda mövcud olan, habelə qanunla müəyyən edilmiş qaydada yeni yaradılmış, birləşmiş, yaxud ayrılmış bələdiyyələr dövlət reyestrinə daxil edilir və onlara şəhadətnamə verilir", - Trend News-un məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.
Azərbaycan Parlamentində bələdiyyələrin reyestrinin aparılması haqqında əsasnamə qəbul edilib

Azərbaycan, Bakı, 29 dekabr / Trend , müxbir A.Hüseynbala/

Azərbaycan Parlamentində bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamənin verilməsi haqqında əsasnamə qəbul olunub.

"Azərbaycanda mövcud olan, habelə qanunla müəyyən edilmiş qaydada yeni yaradılmış, birləşmiş, yaxud ayrılmış bələdiyyələr dövlət reyestrinə daxil edilir və onlara şəhadətnamə verilir", - Trend -un məlumatına görə, Milli Məclisin çərşənbə axşamı keçirilən iclasında Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə bildirib.

Rəhimzadənin sözlərinə görə, bələdiyyələrin dövlət reyestrinə daxil edilməsi və onlara şəhadətnamənin verilməsi Milli Məclis Aparatının müvafiq struktur bölməsi tərəfindən aparılacaq. "Əsasnamədə hər bir bələdiyyəyə vahid və təkrarlanmayan reyestr nömrəsi verilməsi nəzərdə tutulur. Bələdiyyələr ayrıldıqda mövcud olan bələdiyyələrə verilmiş reyestr nömrəsi saxlanılacaq, ayrılma nəticəsində yaranan bələdiyyə isə bu əsasnamə ilə müəyyən edilmiş qaydada dövlət reyestrinə daxil ediləcək", - komitə sədri əlavə edib.

Komitə sədri deyib ki, bələdiyyələr ləğv edildikdə onlara verilən reyestr nömrəsi də ləğv olunacaq. "Dövlət reyestrinin elektron məlumat bazasında əks olunan məlumatlar Milli Məclisin rəsmi internet saytında yerləşdiriləcək. Dövlət reyestrinə daxil edilməsi üçün bələdiyyələr, habelə müvafiq icra hakimiyyəti orqanları tərəfindən təqdim edilən sənədlərdə və xəritələrdə natamam, yaxud təhrif olunmuş məlumatların göstərilməsində və bu cür məlumatların dövlət reyestrinə daxil edilməsində təqsirkar şəxslər qanunvericiliklə müəyyən edilmiş məsuliyyət daşıyacaqlar", - Rəhimzadə vurğulayıb.

Xəbər lenti

Xəbər lenti