...

Xələf Xələfov Avropada siyasi məsləhətləşmələr aparacaq

Siyasət Materials 2 İyun 2012 15:44 (UTC +04:00)
Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov 3-7 iyun tarixlərində Avstriya və Slovakiyada siyasi məsləhətləşmələr aparacaq.
Xələf Xələfov Avropada siyasi məsləhətləşmələr aparacaq

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir M.Əliyev/

Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov 3-7 iyun tarixlərində Avstriya və Slovakiyada siyasi məsləhətləşmələr aparacaq. Trend-in məlumatına görə, bunu şənbə günü jurnalistlərə Azərbaycan XİN-in mətbuat katibi Elman Abdullayev deyib.

Onun sözlərinə görə, səfərlər zamanı bir sıra görüşlərin keçirilməsi nəzərdə tutulur. Xələfovun Slovakiya XİN-də dövlət katibi Piter Buryanla və slovakiyalı deputatlarla görüşü gözlənilir. O, həmçinin, Slovakiyadakı konsulluğumuza baş çəkəcək.

XİN rəhbərinin müavini iyunun 5-də Avstriya paytaxtında Karl Ölünger və digər millət vəkilləri ilə görüşlər keçirəcək, bundan başqa, Avstriya xarici işlər nazirinin müavini Yohannes Kirle ilə görüşəcək. Həmçinin, Avstriya Daxili İşlər Nazirliyində görüşü nəzərdə tutulur.

"Slovakiyadakı görüşlərdə ikitərəfli siyasi məsələlərin inkişafı, yüksəksəviyyəli səfərlərin təşkili, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, parlamentlərarası əlaqələrin gücləndirilməsi müzakirə olunacaq", - Abdullayev deyib.

Onun sözlərinə görə, Avstriyada keçirilən görüşlərdə isə yüksəksəviyyəli səfərlər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması, regionda vəziyyət, Yaxın Şərqdə cərəyan edən proseslər, iki ölkə arasında hüquqi bazanın möhkəmləndirilməsi və parlamentlərarası əlaqələrin inkişafı, xüsusilə, dostluq qrupların fəaliyyəti müzakirə olunacaq.

Xəbər lenti

Xəbər lenti