...

MTN-in Akademiyasında Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

Siyasət Materials 14 İyun 2012 13:12 (UTC +04:00)
Milli Təhlukəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir keçirilib.
MTN-in Akademiyasında Milli Qurtuluş Günü təntənə ilə qeyd olunub

Azərbaycan, Bakı, 14 iyun /Trend/

Milli Təhlukəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında 15 İyun - Milli Qurtuluş Günü münasibətilə təntənəli tədbir keçirilib.

MTN-in İctimai Əlaqələr Mərkəzindən Trend-ə verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Dövlət himni səsləndirilib.

Akademiya rəisinin müavini general-mayor İsgəndər Allahverdiyev məruzə ilə çıxış edərək bu günün ölkəmizin tarixinə qızıl hərflərlə yazıldığını qeyd edib, 1990-cı illərin əvvəllərində hökm sürən olduqca mürəkkəb və gərgin bir şəraitdə yenicə əldə olunmuş dövlət müstəqilliyimizin möhkəmləndirilməsində, Azərbaycanın kökü qədimlərə gedən dövlətçilik ənənələrinin yenidən bərpa olunmasında ulu öndər Heydər Əliyevin misilsiz xidmətlərindən danışıb. Qeyd olunub ki, Azərbaycanın taleyinin həll olunduğu ən ağır və faciəli günlərdə dahi rəhbər Heydər Əliyevin xalqının israrlı və təkidli tələbləri ilə yenidən hakimiyyətə qayıtması ölkəmizin tarixində həqiqətən də dönüş nöqtəsi, qurtuluş anı oldu.

Həmin gündən etibarən ulu öndər Heydər Əliyevin misilsiz və ölçüyəgəlməz fəaliyyəti nəticəsində Azərbaycan hərtərəfli inkişaf və tərəqqi yoluna qədəm qoydu. Dahi şəxsiyyət Heydər Əliyev Azərbaycanı dünyaya tanıtdı, onu beynəlxalq aləmdə nüfuz sahibi etdi. Qədirbilən Azərbaycan xalqı öz böyük oğlunu sevir və onun xatirəsini daim əziz tutur. Nə qədər ki, müstəqil Azərbaycan var, Heydər Əliyev də var olacaq. Azərbaycanın müstəqilliyi isə, ümummilli liderin sözləri ilə desək, "əbədi, daimi və dönməzdir".

Bu gün milli qurtuluşunu əldə etmiş müstəqil Azərbaycan Respublikası artıq 20 ildir ki, inamla inkişaf edir, yeni-yeni nailiyyətlərə imza atır, durmadan uğurlara doğru irəliləyir. Bu yol Heydər Əliyevin müəyyənləşdirdiyi azərbaycançılıq, tərəqqi və inkişaf yoludur.

Ümummilli lider Heydər Əliyevin siyasi irsinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin müdrik, inamlı, xalqımızın milli maraqlarına və manfelərinə xidmət edən praqmatik daxili və xarici siyasəti nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, əhalinin sosial rifahı gündən-günə yaxşılaşır, etibarlı tərəfdaş və sabit ölkə kimi respublikamızın nüfuzu durmadan artır. Bu gün çağdaş Azərbaycan demokratik hüquqi və dünyəvi dövlət quruculuğu istiqamətində durmadan və uğurla irəliləyir. Azərbaycan regionda lider dövlətə çevrilib. Bütün bunlar, Prezident İlham Əliyev tərəfindən uzaqgörənliklə və yaradıcılıqla həyata keçirilən bu siyasət Heydər Əliyev yolunun təntənəsidir.

Ümumilli lider Heydər Əliyev milli təhlükəsizlik orqanlarının peşəkar kadrlarla təmin olunması məqsədilə Milli Təhlükəsizlik Nazirliyinin Akademiyasını yaratdı. Bu gün onun adını şərəflə daşıyan bu xüsusi ali təhsil ocağı ən müasir təhsil və tədris sisteminə, eləcə də güclü maddi-texniki bazaya malikdir. Akademiyada təlim-tərbiyə işləri də ən yüksək səviyyədə qurulub.

Natiq çıxışında dövlətin təhlükəsizliyi keşiyində dayanmağı özünə şərəfli borc bilən gəncləri, Milli Təhlükəsizlik Nazirliyinin Heydər Əliyev adına Akademiyasında təhsil alan kursantları və dinləyiciləri Heydər Əliyev ənənələrinə daim sadiq olmağa, ulu öndərin siyasi irsini dərindən öyrənməyə və doğma xalqını onun kimi sevməyə, Azərbaycan Prezidenti İlham Əliyevin diqqət və qayğısını, gənc nəslə bəslədiyi yüksək etimadı və inamı doğrultmaq üçün var qüvvə ilə çalışmağa, seçdikləri peşənin sirlərinə mükəmməl yiyələnməyə çağırıb.

Tədbirdə çıxış edən Akademiyanın dinləyicisi G.Sarıyev, kursantlar E.Cəfərli və C.Qarakişizadə Azərbaycanın bu gününün və gələcəyinin təməli olan 15 İyun - Milli Qurtuluş Gününün tarixi məqamlarına nəzər salıb, Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğını qeyd ediblər. Azərbaycan Prezidenti İlham Əliyevin Milli Təhlükəsizlik Nazirliyinə, onun şəxsi heyətinə, eləcə də ulu öndərin şərəfli adını daşıyan akademiyada təhsil alan kursantlara, milli təhlükəsizliyin gələcək keşikçilərinə bəslədiyi inam və etimadından danışan natiqlər əmin ediblər ki, onlar Heydər Əliyev irsinə və amallarına daim sadiq olacaq, Vətənin müstəqilliyini və suverenliyini qoruyacaq, Silahlı Qüvvələrin Ali Baş Komandanının ətrafında bundan sonra da sıx birləşəcək, dövlətçiliyimizin möhkəmlənməsi naminə bilik və bacarıqlarını əsirgəməyəcəklər.

Təbdirin sonunda ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən sənədli film nümayiş olunub.

Xəbər lenti

Xəbər lenti