...

Azərbaycan diaspor təşkilatları rəhbərlərinin birgə bəyanatı qəbul olunub (FOTO)

Siyasət Materials 7 Avqust 2012 15:05 (UTC +04:00)
Türkiyənin Bodrum şəhərində "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda keçirilən forumda Azərbaycan diaspor təşkilatları rəhbərlərinin birgə bəyanatı qəbul olunub.
Azərbaycan diaspor təşkilatları rəhbərlərinin birgə bəyanatı qəbul olunub (FOTO)

Azərbaycan, Bakı, 7 avqust /Trend, müxbir M.Əliyev/

Türkiyənin Bodrum şəhərində "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda keçirilən forumda Azərbaycan diaspor təşkilatları rəhbərlərinin birgə bəyanatı qəbul olunub. Trend-in məlumatına görə, bu barədə çərşənbə axşamı Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidməti məlumat yayıb.

Forumun yekun sənədi - "Xarici ölkələrdə yaşayan azərbaycanlıların cəmiyyətə inteqrasiyası: mövcud vəziyyət və perspektiv gözləntilər" mövzusunda keçirilən forum iştirakçılarının birgə bəyanatı 25 bənddən ibarətdir. Sənəddə gənclərin və qadınların diaspor quruculuğu işinə daha fəal şəkildə cəlb olunması, lobbi quruculuğu sahəsində fəaliyyətin genişləndirilməsi, Türkiyədə yaşayan azərbaycanlı ziyalıların forumunun, Orta Asiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının birgə toplantısının, Ukrayna Azərbaycanlıları Qurultayının və Skandinaviya Ölkələri Azərbaycanlılarının Konqresinin təşkili lə bağlı müddəalar öz əksini tapıb.

Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov forumda çıxışında bildirib ki, xaricdə yaşayan azərbaycanlılarla bağlı dövlət siyasətinin prioritet istiqamətlərindən biri də soydaşlarımızın hüquq və azadlıqlarının müdafiəsi ilə bağlıdır. Bu sahədə ötən müddət ərzində müəyyən işlər görüldüyünü qeyd edən İbrahimov dünyanın bir sıra ölkələrində azərbaycanlıların hüquq və azadlıqlarının müdafiəsi ilə məşğul olan hüquq-müdafiə mərkəzlərinin fəaliyyət göstərdiyini diqqətə çatdırıb. Bir çox ölkələrdə soydaşlarımızın hüquqlarının pozulması hallarının olduğunu qeyd edən Dövlət Komitəsinin sədri azərbaycanlıların hüquqi maarifləndirmə işlərinin gücləndirilməsinin zəruriliyini vurğulayıb. O, xüsusilə Gürcüstanda son illərdə azərbaycanlıların hüquq və azadlıqlarının qorunması sahəsində bir sıra uğurlu layihələrin həyata keçirildiyini bildirib.

Sonra forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olunub.

Sənəddə qeyd olunub ki, Azərbaycan diaspor təşkilatları bundan sonra da ölkəmizin milli maraqlarının qorunması və Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması sahəsində səylərini əsirgəməyəcəklər.

Xəbər lenti

Xəbər lenti