...

Səttar Mehbalıyev yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçildi (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 5 Fevral 2013 16:32 (UTC +04:00)
Bu gün Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV qurultayı keçirilib.
Səttar Mehbalıyev yenidən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri seçildi (ƏLAVƏ OLUNUB)

Azərbaycan, Bakı, 5 fevral /Trend, müxbir E.Mehdiyev/

Bu gün Bakıda Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) IV qurultayı keçirilib.

Trend-in məlumatına görə, qurultayda bir sıra beynəlxalq təşkilatların, xarici ölkələrin həmkarlar ittifaqlarının, o cümlədən Beynəlxalq Əmək Təşkilatının, Beynəlxalq Həmkarlar İttifaqları Konfederasiyasının, Rusiya, Türkiyə, Ukrayna və digər ölkələrin həmkarlar ittifaqları mərkəzlərinin nümayəndələri iştirak ediblər.

Açılış mərasimində Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin qurultay iştirakçılarına təbrik məktubunu oxuyub. Məktubda həmkarlar ittifaqlarının əhəmiyyəti vurğulanıb və fəaliyyətinin daha da genişlənməsinin zəruriliyi qeyd olunub.

Sonra AHİK səd­ri, millət vəkili Səttar Mehbalıyev qurultayda hesabat məruzəsi ilə çıxış edib, AHİK-in son 5 ildə gördüyü işlər barədə ətraflı məlumat verib.

Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında bildirib ki, sevindirici haldır ki, bu gün Azərbaycan vətəndaşlarının əsas təməlini yaradan həmkarlar üzvləri növbəti prezident seçkilərinə cənab Prezident İlham Əliyevin namizədliyini irəli sürdü.

"Bunun nə demək olduğunu burada iştirak edən xarici qonaqlarımız bilir. Bildiyiniz kimi, bütün ölkələrin həmkarlar təşkilatları fəaliyyət xarakterinə görə hökumətə rəqib olur. Amma bir ölkənin həmkarları həmin ölkənin hakimiyyət təmsilçisini, birinci şəxsini prezidentliyə namizəd irəli sürürsə, bu, artıq cəmiyyətdəki həmrəyliyin xüsusi göstəricisidir. Bu, dövlət ilə ictimai qurumlar arasında birliyin göstəricisidir", - Həsənov deyib.

Qurultayın gündəliyinə AHİK-in Təftiş Komissiyasının hesabatı, Konfederasiyanın Nizamnaməsində əlavə və dəyişikliklər, fəaliyyətinin əsas istiqamətlərinin müəyyənləşməsi, təşkilati məsələlər daxil edilib.

Qurultay zamanı keçirilən səsvermə nəticəsində Səttar Mehbalıyev yenidən növbəti 5 ilə AHİK-in sədri seçilib.

Sonda qurultay iştirakçıları adından Prezident İlham Əliyevə müraciət qəbul olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti