...

Mübariz Qurbanlı: Ziyalılar Forumunun çağırışı “stəkanda fırtına”dan başqa bir şey deyil

Siyasət Materials 11 Aprel 2013 11:36 (UTC +04:00)
Azərbaycan Ziyalılar Forumunun, müxalifətinin Facebook səhifəsində cəhdləri heç bir nəticə verməyəcək, çünki Azərbaycan gəncliyi, bütövlükdə İnternet səhifələrində yazan, iştirak edən vətəndaşlar dövlətimizi, dövlət müstəqilliyimizi və dövlət maraqlarını hər şeydən uca tutanlardır.
Mübariz Qurbanlı: Ziyalılar Forumunun çağırışı “stəkanda fırtına”dan başqa bir şey deyil

Azərbaycan, Bakı, 11 aprel /Trend, müxbir E.Mehdiyev/

Azərbaycan Ziyalılar Forumunun, müxalifətinin Facebook səhifəsində cəhdləri heç bir nəticə verməyəcək, çünki Azərbaycan gəncliyi, bütövlükdə İnternet səhifələrində yazan, iştirak edən vətəndaşlar dövlətimizi, dövlət müstəqilliyimizi və dövlət maraqlarını hər şeydən uca tutanlardır. Bunu cümə axşamı Trend-ə hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini Mübariz Qurbanlı Ziyalılar Forumunun aprelin 10-da keçirilən toplantısında səslənən fikirlərə münasibətini bildirərkən deyib.

"Bu cür Ziyalılar Forumu deyilən dırnaqarası qurumun üzvlərinin çağırışı "stəkanda fırtına"dan başqa bir şey deyil. Buyursunlar, biz hər sahədə onlarla açıq siyasi mübarizə aparmağa hazırıq. İdeoloji sahədə, digər sahələrdə biz onlarla polemikaya hazırıq və hesab edirəm ki, ideoloji-siyasi cəhətdən də üstünlüyümüzü daim nümayiş etdiririk", Qurbanlı bildirib.

Qeyd edək ki, Ziyalılar Forumunun toplantısında "EL" hərəkatının lideri Eldar Namazov Facebookda "beyin fırtınası" keçirə biləcək qrupun yaradılması və problemlərin virtual aləmdə daha geniş formatda müzakirə edilməsi təklifi ilə çıxış edib.

Qurbanlı Ziyalılar Forumu deyilən qurumun toplantısında səsləndirilən bu fikri "stəkanda fırtına" adlandırıb.

"Məşhur bir söz var "stəkanda fırtına". Bunu o zaman deyirlər ki, hər hansı bir siyasi şəxs və ya hər hansı bir siyasi təşkilat iddiasından artıq bəyanatlar verir və cəmiyyətə, ictimaiyyətə özünü böyük partiya və ya böyük aparıcı qüvvə kimi təqdim etmək istəyir. Bu zaman çox dəyərli bir fikir söylənilir ki, bu sadəcə "stəkanda fırtına" qopartmaqdır. Ona görə də mən Ziyalılar Forumu deyilən qurumun toplantısında səsləndirilən bu fikri elə "stəkanda fırtına" hesab edirəm", deyə YAP rəsmisi bildirib.

Deputatın fikrincə, Ziyalılar Forumu deyilən qurum özündə cəsarət tapıb onun üzvü olan və erməni təbliğatında alət rolunda çıxış edən şəxsləri tənqid etmək əvəzinə, bu cür çağırışlar edirsə, ilk əvvəl özünə baxmalıdır, özünü güzgüdə görməyə çalışmalıdır.

"Onların dəbdəbəli şəkildə cəmiyyətə təqdim etmək istədikləri Əkrəm Naibov "Daş yuxular" romanını yazaraq erməni təbliğatında iştirak edir. Onların dəbdəbəli şəkildə cəmiyyətə təqdim etmək istədikləri Rüstəm İbrahimbəyov da xarici agentliyə verdiyi müsahibəsində Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldı və Dağlıq Qarabağ ilə əlaqədar yanlış, tarixə zidd və bütövlükdə ümummilli maraqlarımıza zidd olan fikirlər səsləndirdi", Qurbanlı bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti