...

Ramil Usubov: Prezident seçkilərinə qədər seçki hüququna malik bütün vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunmalıdır

Siyasət Materials 23 Aprel 2013 19:26 (UTC +04:00)
Aprelin 23-də Daxili İşlər Nazirliyində "Cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin təşkili"nin və "Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işi"nin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.
Ramil Usubov: Prezident seçkilərinə qədər seçki hüququna malik bütün vətəndaşlar şəxsiyyəti təsdiq edən sənədlərlə təmin olunmalıdır

Azərbaycan, Bakı, 23 aprel /Trend/

Aprelin 23-də Daxili İşlər Nazirliyində "Cinayətkarlığa qarşı mübarizədə əməliyyat-axtarış fəaliyyətinin təşkili"nin və "Azərbaycan Respublikası vətəndaşlarına şəxsiyyət vəsiqələrinin verilməsi işi"nin vəziyyətinə və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, respublikanın daxili işlər naziri, general-polkovnik Ramil Usubov müzakirəyə çıxarılan hər iki məsələnin aktual olduğunu, daxili işlər orqanlarının fəaliyyəti ilə bağlı mühüm sahələri əhatə etdiyini bildirmişdir. O, əməliyyat-axtarış fəaliyyətinin təşkili ilə bağlı həyata keçirilən praktiki tədbirlərin böyük əhəmiyyət kəsb etdiyini, xüsusən də qeyri-aşkar şəraitdə törədilmiş cinayətlərin açılmasında önəmli rolunu, bu sahədə işin nəticələrinin hər bir əməliyyatçının və rəhbər vəzifəli şəxsin peşəkarlığının əsas göstəricisi olduğunu diqqətə çatdırmışdır.

Nazir xüsusilə vurğulamışdır ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin qüdrətlənməsi, iqtisadiyyatın inkişaf etdirilməsi, əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində son 10 ilə yaxın müddətdə aparılan islahatların əsas xəttini insan amili, o cümlədən hər bir şəxsin qanuni mənafelərinin, hüquq və azadlıqlarının cinayətkar qəsdlərdən etibarlı qorunması təşkil edir. Eyni zamanda, Konstitusiya ilə müəyyən edilmiş mülkiyyət, əmək, sosial təminat, seçki və sair hüquqların həyata keçirilməsində, başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrin yerinə yetirilməsində vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə təmin edilməsi işinin düzgün təşkilinin mühüm əhəmiyyətə malik olduğunu qeyd etmişdir.

Mövcud kriminogen duruma toxunan daxili işlər naziri cari ilin üç ayında da əvvəlki illərdə olduğu kimi, cinayətkarlığa qarşı mübarizə, ictimai təhlükəsizliyin təmin edilməsi, insan hüquq və azadlıqlarının qorunması sahəsində kompleks tədbirlərin uğurla davam etdirildiyini, bütövlükdə qarşıda duran vəzifələrin layiqincə yerinə yetirildiyini bildirmişdir.

Məruzəətrafı çıxışlarda müzakirə olunan məsələlər üzrə xidməti fəaliyyətin daha da gücləndirilməsi, qanunvericiliyin, ölkə Prezidentinin fərman və sərəncamlarının, daxili normativ aktların tələblərinə tam uyğun təşkili ilə bağlı qarşıda duran vəzifələr qeyd olunmuşdur.

İclasa yekun vuran nazir Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaşların qəbulunun davamlı həyata keçirilməsi, ərizə və şikayətlərinin baxılmasına böyük həssaslıqla yanaşılması barədə tapşırığını xatırladaraq bir neçə gün öncə Şəkidə bölgə sakinlərinin bir qrupu ilə görüşdüyünü, möhtərəm dövlət başçısının onların problemlərinin həllinə hər zaman xüsusi diqqət göstərdiyini və bu qayğıya görə ölkəmizin rəhbərinə dərin minnətdarlıq ifadə etdiklərini nəzərə çatdırmışdır.

Nazir cari ilin oktyabr ayında ölkədə keçiriləcək növbəti prezident seçkiləri ilə əlaqədar qanunvericiliklə nəzərdə tutulan yaş həddinə çatmış şəxslərin şəxsiyyət vəsiqələrinin dəyişdirilməsi işinin, səsvermə gününədək 18 yaşı tamam olacaq şəxslərin müvafiq sənədlərlə təmin edilməsinin ciddi nəzarətdə saxlanılmasını, səyyar qrupların fəaliyyətinin gücləndirilməsinin, bütövlükdə seçki hüququna malik bütün vətəndaşların şəxsiyyəti təsdiq edən sənədlərlə vaxtında təmin olunmasının vacibliyini bir daha qeyd etmişdir. Həmçinin, ərazi polis orqanlarının rəislərindən şəxsiyyət vəsiqəsi almaq üçün edilən müraciətlərə ən qısa müddətdə baxılıb həll olunmasının, hazırlanmış şəxsiyyət vəsiqələrinin sahiblərinə dərhal təqdim edilməsinin zəruriliyini nəzərə çatdırmışdır.

Çıxışının sonunda nazir general-polkovnik Ramil Usubov ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevi əmin etmişdir ki, Vətəninə, xalqına və dövlətinə sədaqətli olan daxili işlər orqanlarının şəxsi heyəti qarşıda duran məsul vəzifələri bundan sonra da layiqincə yerinə yetirəcək, ölkəmizdə gedən böyük quruculuq işlərinin, inkişaf və tərəqqinin əsas təminatlarından olan ictimai asayişin etibarlı qorunması, sabitliyin davamlı olması üçün var qüvvəsi ilə çalışacaq, dövlət başçısının yüksək etimadını daim doğruldacaqdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti