...

Mehriban xanım Əliyeva: Azərbaycan Avropa Olimpiya ailəsinin tarixində əsas rol oynayacağından çox həyəcanlıdır (FOTO)

Siyasət Materials 30 Aprel 2013 18:16 (UTC +04:00)
2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin aprelin 30-da birinci toplantısı olmuşdur.
Mehriban xanım Əliyeva: Azərbaycan Avropa Olimpiya ailəsinin tarixində əsas rol oynayacağından çox həyəcanlıdır  (FOTO)

Azərbaycan, Bakı, 30 aprel /Trend/

2015-ci ildə Bakıda keçiriləcək Avropa Oyunları Koordinasiya Komitəsinin aprelin 30-da birinci toplantısı olmuşdur.

Toplantıda birinci Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iştirak etmişdir.

Tədbirdən əvvəl Mehriban xanım Əliyeva Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki və Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralos ilə görüşdü.

Görüşdə Avropa Oyunlarının yüksək səviyyədə təşkili üçün Azərbaycanda böyük potensialın olduğu vurğulandı. Bildirildi ki, Avropa Oyunlarına hazırlıq üçün Bakıda əzmkarlıqla çalışan güclü komanda fəaliyyət göstərir.

Sonra toplantı işə başladı.

"Biz Azərbaycanda ilk Avropa Oyunlarına ev sahibliyi etməkdən qürur duyuruq. Avropa Olimpiya Komitəsinin bu qərarının ölkəmizin son illər müxtəlif sahələrdə, o cümlədən idmanda qazandığı uğurların tanınması kimi qəbul edirik. Qeyd etməliyəm ki, Azərbaycan hökuməti və xalqı bu oyunları dəstəkləyir. Biz ölkəmizin Avropa Olimpiya ailəsinin tarixində əsas rol oynayacağından çox həyəcanlıyıq. Biz üzərimizə düşən məsuliyyəti anlayırıq. Bu da öz növbəsində, bizdən ilk təcrübənin uğurlu olmasının təminatını tələb edir. Öz tərəfimizdən sizi əmin edə bilərik ki, bu məqsədə nail olmaq üçün Azərbaycan əlindən gələni etməyə hazırdır. Bu səbəbdən biz ötən illərdə keçirilən Olimpiya və regional oyunların təşkilatçılarının təcrübəsindən bəhrələnməyə hazırıq", - toplantıya sədrlik edən Mehriban xanım Əliyeva onun işinə uğurlar arzulayaraq deyib.

Azərbaycanın birinci xanımı ilkin mərhələdə Koordinasiya Komitəsinin qarşısında duran müxtəlif məsələlərə toxundu. Təşkilat Komitəsinin sədri Olimpiya kəndi də daxil olmaqla lazımi infrastrukturun hazırlıq səviyyəsinin, məlumatın ötürülmə, Oyunlara hazırlıq və keçirilməsini işıqlandıracaq kütləvi informasiya vasitələri ilə iş strategiyası, idman proqramının təsdiqlənməsi və tamamlanmasının xüsusi diqqət tələb etdiyini dedi.

Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki bildirdi ki, Azərbaycan Gimnastika Federasiyasının prezidenti olan Mehriban xanım Əliyevanın Avropa Oyunlarının təşkilat komitəsinə sədrlik etməsi bu oyunların lazımi səviyyədə təşkilinə zəmin yaradır.

Toplantıda xarici ekspertlərin Avropa Oyunlarının keçirilməsi ilə bağlı təqdimatları oldu. Təqdimatlarda təşkil olunacaq mərasim və mədəni proqramlar, yayım, media strategiyaları, əlaqələr, işçi və tikinti planları haqda fikir mübadiləsi aparıldı.

Sonra müzakirələrə başlayan Avropa Olimpiya Komitəsinin üzvləri bu oyunların yüksək səviyyədə keçirilməsi üçün əllərindən gələni edəcəklərini bildirdilər.

Təkliflərə görə təşəkkürünü bildirən Mehriban xanım Əliyeva Avropa Oyunlarının ölkəmiz üçün ilk belə təcrübə olduğunu dedi. Bu oyunlarının böyük uğur kimi Olimpiya ailəsi tarixinə düşəcəyinə ümidvar olduğunu bildirən Azərbaycanın birinci xanımı Koordinasiya Komitəsinin iclasında səslənən fikirlərin Avropa Oyunlarına hazırlıq işlərinə yeni nəfəs gətirəcəyini qeyd etdi.
Mehriban xanım Əliyevaya Avropa Olimpiya Komitəsinin xatirə hədiyyəsi təqdim edildi.

Sonda xatirə şəkli çəkdirildi.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti