...

Hicran Hüseynova: İSESCO-nun fəaliyyətinin mühüm istiqamətlərindən biri də müharibə ilə üzləşmiş müsəlman dövlətlərinin zəngin tarixi irsinin qorunub saxlanmasıdır (FOTO)

Siyasət Materials 11 Noyabr 2013 11:42 (UTC +04:00)
Bu gün Bakıda İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq məsələləri üzə məsul nazirlərinin “İslam dünyasında uşaqlar və urbanizasiya problemləri” adlı IV konfransı çərçivəsində Nazirlər Konfransı keçirilir.
Hicran Hüseynova: İSESCO-nun fəaliyyətinin mühüm istiqamətlərindən biri də müharibə ilə üzləşmiş müsəlman dövlətlərinin zəngin tarixi irsinin qorunub saxlanmasıdır  (FOTO)

Azərbaycan, Bakı, 11 noyabr /Trend, müxbir İ.İsabalayeva, S.Əhmədova/

Bu gün Bakıda İslam Elm, Təhsil və Mədəniyyət Təşkilatının (İSESCO) Uşaq məsələləri üzə məsul nazirlərinin "İslam dünyasında uşaqlar və urbanizasiya problemləri" adlı IV konfransı çərçivəsində Nazirlər Konfransı keçirilir.

Trend-in məlumatına görə, sabah yekunlaşacaq konfransda 10 beynəlxalq təşkilat və 51 ölkə iştirak edir.

Konfransda çıxış edən Baş nazirin müavini Əli Əhmədov bildirib ki, İSESCO ilə Azərbaycan hökuməti arasında çox yaxşı əməkdaşlıq mövcuddur: "Bu təşkilatın bir çox layihələri Azərbaycanda həyata keçirilir. Bu tədbir də həmin layihələrdən biridir. Azərbaycan Respublikasının birinci xanımı Mehriban Əliyevanın İSESCO-nun fəaliyyətində yaxından iştirak etməsi bu təşkilata əhəmiyyətli dinamizm gətirib, ölkəmizin bu təşkilatla əməkdaşlığının yüksək pilləyə çatmasına bilavasitə kömək göstərib".

Konfransın açılış mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinə görə İSESCO-ya və şəxsən təşkilatın rəhbəri Əbdüləziz Osman əl- Tüveyrciyə və konfrans iştirakçılarını təbrik etdiyinə, xoş sözlərinə və səmimi arzularına görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.

H.Hüseynova qeyd edib ki, dünyanın 51 ölkəsini birləşdirən İSESCO çox nəcib bir missiyanı həyata keçirir. İslam Ölkələri,Təhsil, Elm və Mədəniyyət Təşkilatı fəaliyyət göstərdiyi 24 il ərzində çox böyük işlər görüb, uğurlar əldə edib. Təşkilatın başlıca məqsədi dünya ölkələrinin elm, təhsil və mədəniyyət sahələrində əlaqələrinin yaradılması və xalqlararası dialoqun qurulmasıdır.

Komitə sədrinin sözlərinə görə, İSESCO öz fəaliyyətini sırf müsəlman ölkələri ilə məhdudlaşdırmır. O, əhalisinin tərkibində müsəlmanların sayı az olan ölkələrlə də çox sıx əməkdaşlıq edir, elmin, mədəniyyətin və təhsilin inkişafı üçün proqramlar hazırlayır: "İSESCO-nun fəaliyyətinin mühüm istiqamətlərindən biri də müharibə ilə üzləşmiş müsəlman dövlətlərinin zəngin tarixi irsinin qorunub saxlanması və gələcək nəsillərə ötürülməsidir. Bu gün Azərbaycanın da ərazisinin 20 faizi işğal altındadır. Bu torpaqlarda yüzlərlə mədəniyyət, tarixi və dini abidələr var idi. İndi bütün bunlar işğalçılar tərəfindən vəhşicəsinə dağıdılıb. Bu vəhşiliklər yalnız mədəniyyət və tarixi abidələrə deyil, həmçinin insanlara, o cümlədən, qocalara, qadınlara və uşaqlara qarşı törədilib. Biz bu faktları, bu reallıqları dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara çatdırırıq. Bu yolda İSESCO-nun dəstəyini çox yüksək qiymətləndiririk".

H.Hüseynova qeyd edib ki, Heydər Əliyev Fondu İSESCO ilə 2007-ci ildə əməkdaşlıq haqqında sənəd imzalayıb. Həmin sənədə əsasən, elm, təhsil və mədəniyyət sahəsində müxtəlif tədbirlər və layihələr həyata keçirilib: "Bu baxımdan Heydər Əliyev Fondunun prezidenti, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın ölkəmizin tərəqqisinə verdiyi töhfələr danılmazdır. Heydər Əliyev Fondu tərəfindən"Yeniləşən Azərbaycana yeni məktəb", "İnternat məktəbləri və uşaq evlərinin inkişafı", "Görmə qabiliyyətini itirən və zəif olan insanların informasiya-kommunikasiya texnologiyalarına çıxışının təmin edilməsi" və sair layihələr həyata keçirilib və bu gün biz onların konkret nəticələrini görə bilirik. Artıq ölkənin ən ucqar kəndlərində də müasir tələblərə cavab verən məktəblər tikilib istifadəyə verilib. "Azərbaycanda erkən nikahın vəziyyətinin təhlili", "Kuçə uşaqların vəziyyətinin təhlili", "Azərbaycanda yeni doğulmuş uşaqların qeydiyyatı ilə bağlı vəziyyətin təhlili" mövzularında həyata keçirilən layihələr uşaqların kənd və şəhər yerlərində üzləşdikləri bir sıra problemlərin araşdırlmasında və bu istiqamətdə profilaktik tədbirlərin, maarifləndirmə işlərinin aparılmasında xüsusi rol oynayır".

H.Hüseynova bildirib ki, uşaq hüquqlarının müdafiəsi Azərbaycan hökumətinin prioritet məsələlərindən biridir. Dövlət uşaq siyasətini həyata keçirərkən Uşaq Hüquqları haqqında Konvensiyada əks olunan prinsipləri əsas tutur: "Azərbaycan dövləti uşaqların yaşaması və inkişafı üçün zəruri olan minimum standartları müəyyən edib. Hazırda uşaq ölümü hallarının daha da azaldılması, uşaqlar arasında xəstəliklərin profilaktikası kimi məsələlər də diqqət mərkəzindədir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti