Azərbaycan, Bakı, 21 fevral /Trend, müxbir E.Mehdiyev/
Müsavat Partiyası başqanının müşaviri Səxavət Əlisoy təmsil etdiyi partiya ilə Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) birləşə bilməməsinin səbəbinə aydınlıq gətirib.
S.Əlisoy Trend-ə bildirib ki, AXCP ilə Müsavat Partiyasının birləşə bilməməsinin kökündə iki əsas səbəb dayanır: "Birincisi odur ki, Müsavat Partiyasında başqanlığa iddiası olan bir qrup adam var ki, onlar Müsavat Partiyası ilə AXCP-nin birləşməsinin əleyhinədirlər. Çünki bu birləşmədən sonra başqanlığa iddialı adamların artıq birləşmiş partiyanın başqanı olmaq ehtimalı xeyli aşağı düşür".
Onun sözlərinə görə, AXCP-də də bir qrup adam əsas götürür ki, Müsavat Partiyası ilə AXCP birləşir və partiyanın başqanı Əli Kərimli olur, İsa Qəmbər isə tarixin arxivinə keçir: "Yəni bu da yalnışlıqdır. Bu funksionerlərin mövqeyi Müsavat-AXCP birləşməsini mümkünsüz edir. Bu adamların kimliyini tampaq sosial şəbəkələrdə 5 dəqiqəlik bir işdir. Nə qədər ki, bu iki ideya var, bu partiyaların birləşməsi mümkün olmayacaq".