...

Moskva göz yaşlarına inanmadı

Siyasət Materials 12 Fevral 2015 22:00 (UTC +04:00)
Qərb və Rusiya Ukraynanın gələcək taleyini müəyyənləşdirdi. Kiyev istəməsə də, ərazisində Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarına xüsusi status verməli olacaq.
Moskva göz yaşlarına inanmadı

Azərbaycan xəbərlər xidməti

Məftun Salmanov - Trend:

Qərb və Rusiya Ukraynanın gələcək taleyini müəyyənləşdirdi. Kiyev istəməsə də, ərazisində Donetsk və Luqansk vilayətlərinin ayrı-ayrı rayonlarına xüsusi status verməli olacaq.

Ukraynanın Minskdə Fransa, Almaniya və Rusiya liderləri ilə görüşün yekunu üzrə imzalanmış sənəddə üzərinə götürdüyü öhdəliklərdən biri də budur. Bununla da Ukraynanın ərazi bütövlüyü yalnız kağızda öz əksini tapacaq.

Sənədi separatçı Donetsk və Luqansk respublikalarının rəhbərləri də imzalayıblar. Onlar hədələməyi də unutmayıblar: əgər atəşkəs pozulsa, yeni memorandumlar olmayacaq. Minsk danışıqlarının iştirakçıları isə sazişin işlək olması üçün hələ görüləsi işlərin çox olduğunu bildiriblər.

Ukraynanın şərqində atəşkəsin dayandırılmasını nəzərdə tutan sazişdən kim uduzdu, kim uddu? Birmənalı olaraq Ukrayna itirdi. İndi Kiyev ərazisində Rusiyanın maraqlarına xidmət edəcək bölgəni "qanuniləşdirəcək" və fəaliyyətinə göz yummalı olacaq.

Bununla da Rusiya gələcəkdə oxşar hadisələr baş verəcəyi təqdirdə özü üçün ikinci "Krım" variantı hazırlamış oldu. Ukrayna isə Krım yarımadasını artıq rəsmən də unuda bilər.

Udan Rusiya oldu. Bu da gözlənilən idi. MDB bəzi ölkələrini özünün bufer zonası elan etmiş Kreml burada Qərbin ağalığına imkan verməmək üçün hətta slavyan qardaşlarının göz yaşlarına baxmayacaq qədər qətiyyətlidir.

Qərb isə Ukraynanın ərazi itkisinə yol vermək naminə də olsa NATO-nun simasında Rusiyanın sərhədlərinə bir qədər yaxınlaşmış oldu. Ukraynanı tərəfinə çəkən Qərb Kiyevin əli ilə Rusiya tərəfdarlarına qarşı müharibəni uduzdu.

Heç kəs Ukraynada hadisələrin bu cür cərəyan edəcəyini ağlına belə gətirmirdi. Sadəlövh, sülhsevər Ukrayna xalqı və ölkəsi Qərb və Rusiyanın maraqlarının güdazına getdi.

Hələ də dünyada "parçala, hökm et" siyasətinin yürüdüldüyünün, dövlətlərin güc mərkəzləri arasında bölüşdürüldüyünün bir daha şahidi olduq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti