...

Deputat: “Star” NEZ-in açılışı bir daha Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir

Siyasət Materials 22 Oktyabr 2018 17:57 (UTC +04:00)

Bakı. Elçin Mehdiyev - Trend:

Türkiyənin İzmir şəhərində “Star” neft emalı zavodunun (NEZ) açılışı bir daha Türkiyə-Azərbaycan münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Bunu Trend-ə Milli Məclisin deputatı Hikmət Babaoğlu deyib.

H.Babaoğlu bildirib ki, bu zavodun açılışı həm Türkiyə, həm də Azərbaycan iqtisadiyyatının inkişafı və gələcək perspektivləri baxımından çox böyük dividendlər vəd edir:

“Çünki Türkiyə böyük ölçüdə enerji daşıyıcılarını idxal edən bir ölkədir. Bu, iqtisadiyyatın bütün sahələrinin inkişafına mənfi təsir göstərməklə bərabər, Türkiyədə istehsal olunan bütün çeşid malların maya dəyərinin də artmasına səbəb olur. Azərbaycanın dövlət şirkəti olan SOCAR vasitəsilə belə bir zavodun inşa olunması Türkiyə iqtisadiyyatını böyük miqyasda sabitləşdirəcək perspektivə malikdir. Belə ki, zavodda hər il 5 milyon ton dizel yanacağı istehsal olunacaq. Bu da Türkiyənin xaricdən idxal etdiyi dizel yanacağının 40, mayeləşdirilmiş qazın isə 70 faiz aşağı düşməsinə gətirib çıxaracaq və nəticədə qardaş ölkənin iqtisadiyyatına yeni dinamizm gətirəcək”.

Deputat qeyd edib ki, əlbəttə, bu layihələr Azərbaycan iqtisadiyyatına 100 milyonlarla xarici valyuta qazandırmaqla yanaşı, həm də Türkiyənin enerji bazarında onun yerini və rolunu bir daha möhkəmləndirəcək:

“Bundan başqa, “Star” neft emalı zavodunda ildə 1,6 milyon ton nafta, 1,6 milyon ton təyyarə yanacağı, 4,8 milyon ton az kükürdlü dizel yanacağı, 700 min ton neft koksu, 420 min ton qarışıq ksilen və 160 min ton kükürd istehsal olunacaq ki, bu məhsullar da Azərbaycanın inşa etdiyi “Petkim” neft-kimya kompleksinin nafta və qarışıq ksilenə olan tələbatını tam ödəməklə bu zavodun da fəaliyyətinin təmin olunması üçün bir növ xammal bazası rolunu oynayacaq. Bütövlükdə bu nəhəng layihə iki ölkənin iqtisatiyyatının qarşılıqlı inteqrasiya etməsi və inkişafı üçün ciddi fundamental əsas yaradıb. Bu da hələ son deyil. Çünki inşa edilmiş “Star” neft emalı zavodunun potensiali o qədər böyükdür ki, geniş miqyasda Azərbaycan, Türkiyə və Avropaya qədər uzancaq geostrateji bir rayonda enerji daşıyıcılarının qiymətinin sabitləşməsinə və təhlükəsizliyin təmin olunmasına gətirib çıxaracaq. Cənab Prezident bu böyük layihənin açılış mərasimində çıxış edərkən qeyd etdi ki, “Star” neft emalı zavodunun açılması bir daha onu göstərir ki, biz qarşıya qoyduğumuz bütün hədəflərə uğurla çatırıq. Düşünürəm ki, cəmisi 4 ay bundan əvvəl TANAP layihəsinin açılışından sonra yenidən belə bir müasir istehsalat müəssisəsinin açılması Türkiyə-Azərbaycan münasibətlərinin göstəricisi olmaqla yanaşı, həm də bu əlaqələrin gələcəyini geostrateji müstəvidə təmin edən əsaslardan biri kimi çıxış edir”.

H.Babaoğlu vurğulayıb ki, Türkiyə-Azərbaycan münasibətləri bu gün örnəkdir: “Təsadüfi deyil ki, cənab Prezident bu zavodun açılışında çıxış edərkən vurğuladı ki, bu gün Türkiyə-Azərbaycan əlaqələri ən yüksək səviyyədədir. Bu da təbiidir, çünki əsrlər boyu biz birlikdə yaşamışıq, bir yerdə olmuşuq. Tarixin bəzi məqamları bizi bir-birimizdən ayırıb, amma bu, müvəqqəti xarakter daşıyırdı. Biz yüz il bundan əvvəl birlikdə idik, ondan əvvəlki dövrdə də birlikdə idik, bu gün də bir yerdəyik. Heç şübhəsiz, bu gün Azərbaycan Prezidenti tərəfindən atılan addımlar Türkiyə-Azərbaycan münasibətlərini elə bir strateji mərhələyə daşıyıb ki, iki ölkə arasında münasibətlərin bundan sonraki inkişafı üçün də yeni mükəmməl şərtlər formalaşdırıb. Bütün atılan addımlar isə birlik və bərabərliyimizin, o cümlədən strateji müttəfiqliyimizin bundan sonra da davam etdirilməsini təmin edib”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti