...

Vətəndaş məktubları: Cənab Prezident, bu qələbələri xalqımıza Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır

Siyasət Materials 25 Oktyabr 2020 21:46 (UTC +04:00)
Vətəndaş məktubları: Cənab Prezident, bu qələbələri xalqımıza Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır

Bakı. Trend:

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə Azərbaycan vətəndaşlarından, xaricdə yaşayan soydaşlarımızdan, eləcə də digər ölkələrin vətəndaşlarından məktublar ünvanlanmaqda davam edir.

Trend Prezidentin saytına istinadla həmin məktubların bəzilərini təqdim edir.

Rusiya Federasiyasının Dağıstan Respublikasından Ağamirzə Atayev yazır: “Hörmətli cənab Prezident, mənim 39 yaşım var, Dağıstan Respublikasının Dərbənd rayonunda Heydər Əliyev adına Cemikənd orta məktəbində işləyirəm. Azərbaycan Ordusunun Qarabağdakı əks-hücum əməliyyatlarını izləyirəm. Qarabağ torpaqlarının azad edilməsi xəbərləri gələndə özümü çox xoşbəxt hiss edirəm və hər gün yeni xəbərlər gözləyirəm. Cəbrayıl, Füzuli, Zəngilan şəhərlərinə və işğaldan azad edilmiş digər kəndlərə, qəsəbələrə görə çox sevindim. Qubadlı, Laçın, Xankəndi, Şuşa, Kəlbəcər şəhərlərinin işğaldan azad olunmağını da səbirsizliklə gözləyirəm. Mən də növbəti yay tətilimi Azərbaycanda keçirmək və Şuşada qalmaq istəyirəm. Gənc nəslin Azərbaycan və Qarabağ həqiqətlərini bilmələrini və ermənilərin yalanlarına inanmamalarını istəyirəm. Cənab Prezident, Sizə və bütün əsgərlərə doğma torpaqların azad edilməsinə görə təşəkkür edirəm və yeni-yeni uğurlar arzulayıram. Uca Allah Sizi və əsgərlərinizi qorusun!”.

ABŞ-ın Kaliforniya ştatında yaşayan Mətin Məsimli: “Hörmətli cənab Prezident, Azərbaycan xalqı tarix boyunca müxtəlif qələbələrə və uğurlara imza atıb. Əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş və daha sonra Sizin prezidentliyiniz dövründə həm maddi-texniki bazası möhkəmləndirilmiş, həm də peşəkarlığı artırılmış müzəffər Azərbaycan Ordusu sentyabr ayının 27-dən başlayaraq Azərbaycan torpaqlarını böyük bir şücaətlə düşməndən azad edir. Bu, bir Azərbaycan gənci kimi məni çox qürurlandırır və sevindirir. Bu qələbələri Azərbaycan xalqına Sizin uğurlu siyasətiniz, qətiyyətiniz və inamınız yaşadır. Azərbaycan Ordusu Sizin rəhbərliyinizlə Azərbaycanın zəfər tarixini xalqımızın yaddaşına şanlı hərflərlə yazır. Mən bir azərbaycanlı gənc olaraq Sizinlə fəxr edir və hər zaman əmrlərinizi gözləyirəm. Azərbaycanın parlaq gələcəyinin yalnız Sizin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın apardığınız siyasi yolda olduğuna inanıram. Hər zaman Sizi dəstəkləyir və özümü həmişə bu yolda görməkdən sonsuz bir qürur duyuram. Hazırda Kaliforniya Universitetində magistr təhsili alıram. Amerikada yaşadığım bu 8 illik təhsil dönəmində öyrənmiş olduğum texnoloji və iqtisadi bilikləri təhsilimi bitirdikdən sonra Vətənimin inkişafı üçün Azərbaycanda tətbiq edəcəyim günü böyük bir səbirsizliklə gözləyirəm. Mən Azərbaycan əsgəri və iqtisadi-texnologiya mütəxəssisi kimi vətənimə və dövlətimə xidmət edəcəyəm və bundan həmişə qürur duyacağam. Sonda, sözlərimi bu şüarla bitirmək istəyirəm: Yaşasın Azərbaycan! Yaşasın Ali baş komandan! Qarabağ Azərbaycandır!”.

İsrailin Təl-Əviv şəhərindən Muraz Davidov Rafaeli İzavou, Emil Rzayev, Samir Abramov, Seymur Abramov, Azis Sadiyev, Kamal Zeynalov, Tural Simxayev, Kamal Bakabayev, Zəkəriyyə Şamilov, Adil Şamilov, Şahlar Zeynalov, Anar Nəsimov və Rüfət Nəsimov yazırlar: “Hörmətli cənab Prezident, Sizi İsraildə yaşayan, əslən Azərbaycandan olan dağ yəhudiləri adından salamlayırıq. Harada yaşamağımızdan asılı olmayaraq, Azərbaycan bizim doğma Vətənimizdir. Biz Sizinlə fəxr edir, Sizə inanırıq, cənab Prezident. Qarabağ Azərbaycandır!”.

Salyandan Nihad Əsgərov: “Hörmətli Prezidentim, mən 6-cı sinifdə oxuyuram. Yaşım yol versəydi torpaqlarımızın azadlığı uğrunda döyüşlərə mən də can-başla qatılardım. Bu məktubla Sizə bildirmək istəyirəm ki, biz Sizə və rəşadətli Ordumuzun igid əsgərlərinə inanırıq. Əminik ki, Azərbaycan Ordusu üçrəngli bayrağımızı Qarabağda dalğalandıracaq. Allah Azərbaycanımızı, müzəffər Ordumuzu və Sizi qorusun, cənab Prezident! Yaşasın Azərbaycan Ordusu! Qarabağ Azərbaycandır!”.

Sabirabaddan Əlipənah Soltanovun məktubunda deyilir: “Əziz və hörmətli Prezidentimiz, sentyabrın 27-dən indiyədək bizə yaşatdığınız xoş günlərə görə Sizə minnətdarlığımı bildirirəm. Biz işğal altında olan torpaqlarımızın Sizin və şanlı ordumuzun sayəsində tamamilə işğaldan azad olunacağına bütün qəlbimizlə inanırıq. Yaşasın xalqımız, yaşasın Prezidentimiz, yaşasın ordumuz! Qarabağ Azərbaycandır!”.

Ağsudan Mahir Dəmirli yazır: “Əziz və hörmətli Prezidentimiz, Sizin uğurlu yolunuzu hər zaman dəstəkləyib, dəstəkləyir və dəstəkləyəcək bir vətəndaş olaraq əldə etdiyiniz nailiyyətlərə hər zaman sevinir və uğurlarınızın gələcəkdə də çox olmasını arzu edirəm. Arzu edirəm ki, Şuşada, Kəlbəcərdə və işğal altında olan digər torpaqlarımızın azad olunmasını tezliklə xalqımıza bəyan edəsiniz. Ailəliklə Sizi sevir və dəstəkləyirik”.

Gəncə şəhərindən Nigar Məmmədova yazır: “Müzəffər Ali Baş Komandan, işğal altındakı torpaqlarımızı şükürlər olsun ki, Sizin rəhbərliyiniz altında davam edən əks-hücum əməliyyatı ilə geri alırıq. Sizin əzminiz, ordumuzun gücü, xalqımızın duaları ilə çox qısa bir zamanda geri qalan torpaqlarımızı da qarış-qarış alacağımıza əminəm. Mən hər zaman, hətta qarabağlı olmasam belə, sanki o torpaqlarda yaşamış biri kimi Qarabağın həsrətində olmuşam. Heç vaxt qəlbimdəki ümid sönməyib və şükürlər olsun ki, mənim kimi insanların ümidini və inamını doğruldur və bizləri sevindirirsiniz. Mən Sizin bütün çıxışlarınıza dəfələrlə xüsusi diqqətlə baxır və qürurlanıram. Siz xalq kimi danışır və xalqın sözünü deyirsiniz. Bizim qəlbimizdən keçənləri dünyaya Siz çatdırırsınız. Sizin qətiyyətli mövqeyiniz, cəsarətli çıxışlarınız bizi daha çox qüvvətləndirir və qələbəyə daha çox inandırır. Siz və bizim yenilməz ordumuz qələbəyə doğru iri addımlarla addımlayır və biz bunu gördükcə sevinir, sevincdən gözlərimiz yaşarır. Keçirdiyimiz hissləri söz ilə ifadə etmək mümkün deyil. Mən ömrüm boyunca bu qədər qüruru, sevinci birlikdə yaşamamışam. Bizə yaşatdığınız bu hisslər üçün Sizə minnətdarıq”.

Zəngilan sakini Ayaz Həziyev: “Hörmətli Prezident, Müzəffər Ali Baş Komandan, ilk öncə Sizinlə öz sevincimi paylaşmaq istərdim. Mən şəhid Rəhman Həziyevin oğluyam və əslən zəngilanlıyam. Sizə sonsuz təşəkkürümü bildirirəm, çünki Sizin və Ordumuzun sayəsində bu günlərdə qazanılmış qələbələrdən şəhidlərimizin ruhu şad oldu. Var olun, Müzəffər Ali Baş Komandanımız! Allah Sizi və əsgərlərimizi qorusun! Biz birlikdə güclüyük! Qarabağ Azərbaycandır!”.

Ağcabədidən Fəxrəddin Quliyev: “Müzəffər Ali Baş Komandan, Sizin rəhbərliyiniz altında Azərbaycan Ordusu tarix yazır. Azərbaycanın əsgər və zabitləri döyüş meydanında şücaət göstərir, qəhrəmanlıq nümayiş etdirir, düşmənin silahlı qüvvələrinə ağır zərbələr vuraraq torpaqlarımızı işğaldan azad edir. Bir Azərbaycan vətəndaşı kimi inanıram ki, zəbt olunmuş ərazilərimiz mənfur erməni tapdağından azad olunacaq, məcburi köçkünlərimiz öz torpaqlarına qayıdacaqlar. Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, doğma Qarabağımızda həyat davam edəcək. Bildiyimiz kimi, müharibə heç vaxt itkisiz, şəhidsiz olmur. Polad iradəli Azərbaycan oğulları Vətən uğrunda canlarını qurban verir, şəhidlik zirvəsinə ucalır. Vətən müharibəsində həlak olmuş bütün şəhidlərimizin qarşısında baş əyirəm. Onların hər birinə Allahdan rəhmət diləyirəm. Azərbaycan Ordusuna eşq olsun!”.

Qəbələdən Qabil Qasımov: “Möhtərəm Prezident, Müzəffər Ali Baş Komandan, Sizin uğurlu siyasətinizin və qüdrətli ordumuzun rəşadəti nəticəsində otuz illik həsrətə son qoyulur. Torpaqlarımızı işğaldan azad etmək yolunda qazanılan qələbələr münasibətilə Sizi və bütün Azərbaycan xalqını təbrik edirəm. Mən və ailəm bir vətəndaş kimi bu uğurlara sevinirik. İnşallah, işğal altında olan bütün torpaqlarımızdan düşmən qovulacaq və üçrəngli bayrağımız ərazi bütövlüyü bərpa olunmuş bütün yaşayış məntəqələrində dalğalanacaq”.

Siyəzəndən Tərlan Şirinov: “Hörmətli cənab Prezident, mən ulu öndər Heydər Əliyev ideyalarının təbliğatçısıyam. Ölkə rəhbəri kimi apardığınız daxili və xarici siyasəti dəstəkləyirəm. Hazırda gedən müharibə şəraitində Azərbaycan Ordusunun qazandığı uğurlar Sizin adınızla bağlıdır. Məhz Sizin sayənizdə Azərbaycan Şərqə, Avropaya inteqrasiya etdi və dünyanın bir çox ölkələri ilə yaxşı əlaqələr qurdu. Xalq şöhrəti artdıqca sadəliyin zirvəsindən düşməyən, özünəməxsus dəst-xətti ilə seçilən bir rəhbər kimi Sizə və Birinci vitse-prezident Mehriban xanıma arxalanır və inanır. Müzəffər Ali Baş Komandan, mən şəhid ailəsinin üzvüyəm. Qardaşım dövlətimizin ərazi bütövlüyü uğrunda aparılan döyüşlərdə şəhid olub. Mən özüm Tovuz bölgəsində hərbi xidmət keçmişəm, hazırda səhhətimlə əlaqədar əməliyyat olunmuşam. Bununla yanaşı, ən azı cəbhə bölgəsində sürücü kimi işləyə bilərəm. Arzum ön cəbhədə xidmət edərək qardaşımın qisasını almaqdır. Bu arzumu yerinə yetirmək üçün əmrinizi gözləyirəm!”.

Ağcabədidən Ziyatxan Mirzəyev: “Hörmətli cənab Prezident, öz adımdan və ailəm adından Sizə təşəkkür edirəm. Sizi bağrıma basıram. Qələbə müjdələri ilə hamımızı sevindirirsiniz. Allah dayağınız və köməyiniz olsun! Arzu edirəm ki, Sizə generalissimus rütbəsi verilsin və qələbə günü Sizə təqdim olunsun. Həmçinin, Laçında ən yüksək zirvəyə “İlham zirvəsi” adı verək. Qarabağ Azərbaycandır!”.

Bakı sakini Ehtiqam Bağırov: “Möhtərəm Prezident, Azərbaycanın bu tarixi günlərində qəhrəman oğullarımız cəbhədə düşmənə qarşı şücaətlə döyüşürlər. Mən də Azərbaycanın bu şərəfli tarixində öz əlimdən gələni etməyə, düşməni tarixi torpaqlarımızdan qovmağa hazıram. Vətənin çətin günündə səhhətim imkan vermədiyi üçün məni cəbhəyə aparmırlar. Bir ata olaraq istəyirəm ki, hazırda cəzaçəkmə müəssisəsində məhkum həyatı yaşayan oğlum Bağırov Hacıbağır Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə igid oğullarımızla birgə çiyin-çiyinə döyüşsün. Bu, bütün azərbaycanlılar kimi bizim üçün də böyük fəxr olar”.

Bakının daha bir sakini Fəxriyyə Cəfərova: “Hörmətli, cənab Prezidentimiz, mən bu çətin, lakin zəfər qazandığımız bu günlərdə Sizi və xalqımızı təbrik edirəm. Allah Sizə cansağlığı versin. Nə yaxşı ki azərbaycanlıyam, nə yaxşı ki Sizin kimi Prezidentimiz var. Sevinci və kədəri eyni anda yaşayırıq. Mənim də yaxınlarım hazırda Qarabağımız uğrunda döyüşlərdə iştirak edir. Allah Ordumuzu və xalqımızı qorusun! Biz hamımız Sizi sevir və ürəkdən dəstəkləyirik. Qələbə bizimdir! Qarabağ Azərbaycandır. Yaşasın Azərbaycan! Allah əsgərlərimizi qorusun! Dualarım Sizinlədir. Allah sizləri qorusun! Valideynlərim hər zaman bizə Qarabağın necə işğal olunduğunu danışırdı, lakin biz gənclər Sizin və güclü Ordumuz sayəsində Qarabağın necə işğaldan azad edildiyini danışacağıq. Qələbə sevincimiz çox yaxındadır. Biz buna inanırıq”.

İsmayıllı sakini Rövşən Əliyev: “Möhtərəm Ali Baş Komandan, cənab Prezident, bu gün Sizin uğurlu siyasətinizlə, ordumuzun gücü, xalqımızın dəstəyi ilə erməni təcavüzkarları öz layiqli cavablarını alırlar. Rəşadətli Azərbaycan Ordusunun qazandığı zəfərlərin qürur və iftixarını bizə yaşatdığınız üçün Sizə minnətdarıq. Hər zaman olduğu kimi, bu gün Sizə güvənir, Sizinlə qürur duyuruq. İnanırıq ki, Azərbaycanımızın görkəmli sərkərdələri sırasına Sizin adınız qızıl hərflərlə yazılacaq. Cənab Ali Baş Komandan, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, bütövlüyü uğrunda gedən mübarizədə daim öndə olan İsmayıllı əhalisi, İsmayıllının təhsil işçiləri bu gün də Sizin sıravi əsgəriniz kimi, ön cəbhədə vuruşur, şəhidlik zirvəsinə ucalır, Azərbaycanımızın qəhrəmanlıq salnaməsini yazırlar. Yürütdüyünüz uğurlu siyasətiniz sayəsində doğma İsmayıllımızda böyük ruh yüksəkliyi yaşanır. Silahlı Qüvvələrimizin şücaəti hər kəsdə tezliklə doğma torpaqlarımızın həqiqi sahiblərinə qaytarılacağına əminlik hissini daha da artırır. Cənab Prezident, inşallah azad edilən torpaqlarımızda böyük quruculuq işlərinə başlanılacaq. Hər bir Azərbaycan vətəndaşı kimi biz - İsmayıllının təhsil işçiləri də hər zaman Sizin arxanızdayıq. Doğma Azərbaycanımızın, doğma Qarabağımızın çiçəklənməsi naminə hər cür fədakarlığa hazırıq. Allah dövlətimizi, Sizi, xalqımızı və Ordumuzu qorusun! Dilimizin əzbəri olan kəlmələri bir daha fəxrlə söyləyirik: Qarabağ Azərbaycandır!”.

Füzuli sakini Tünzalə Əsədova: “Cənab Ali Baş Komandan, Uca Tanrıdan Sizə cansağlığı, haqq işinizdə yardımçı olmasını diləyirəm. Doğma Füzuli torpaqlarının azadlığını bizə bəxş etdiyiniz üçün Sizə minnətdaram. Xoşbəxtliyimi sözlə ifadə etmək mümkün deyil. Əmin olun ki, xalqımızın Sizə olan sevgisini, inamını heç bir qüvvə sarsıda bilməz. Yaşından asılı olmayaraq hər kəs Sizin arxanızdadır. Bu gün erməninin atdığı raketlər belə bizi qorxutmur. Əziz Prezidentimiz, Siz xalqın ən böyük arzusunu, Vətən torpaqlarının işğaldan azad olunmasını gerçəkləşdirən sehrli bir qüvvəsiniz. İnşallah, böyük Qələbəmizdən sonra Sizinlə görüşmək arzum da reallaşar. Bütün dualarımız Sizinlə və şanlı Ordumuzladır. Tanrı Sizi və Azərbaycanımızı qorusun!”.

Abşeron rayonundan Quba Mirzəyeva: “Möhtərəm cənab Ali Baş Komandan, Siz mənim üçün ideal şəxsiyyətsiniz. Sizə olan hörmətim dərin və sonsuzdur. Torpaqlarımızın geri qaytarılması uğrunda gedən bu mübarizədə Sizin əzminiz, qətiyyətiniz, peşəkar siyasətiniz və mərd oğullarımızın şücaəti nəticəsində hər gün yeni-yeni xoş xəbərlər alırıq. Bu xoş xəbərlərin davamlı olacağına, bütün əzəli və əbədi torpaqlarımızın mənfur düşməndən təmizlənib azad ediləcəyinə heç şübhəm yoxdur. Allah Sizi və əsgərlərimizi qorusun! Allah yar və yardımçınız olsun! Qarabağ Azərbaycandır!”.

Tovuz rayonundan Mahmud Sadıqov: “Hörmətli cənab Prezident, öncə zəfərimiz münasibətilə Sizi və xalqımızı təbrik edirəm. Bu gün əldə etdiyimiz uğurlar ulu öndərimiz Heydər Əliyevin və Sizin uzaqgörən siyasətinizin nəticəsidir. Torpaqlarımız qarış-qarış, hissə-hissə düşməndən azad olunur. Mənim atam Qarabağ müharibəsi veteranıdır və bütün ailəmizlə birlikdə Sizi dəstəkləyirik. Allah Sizə və qüdrətli Ordumuza yar olsun”.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti