...

Kilsənin xeyir-duası ilə döyüşlərə yollanan cinayətkar dəstə erməni xislətini bütün çılpaqlığı ilə göstərir - Sevil Mikayılova

Siyasət Materials 12 İyul 2023 08:37 (UTC +04:00)
Kilsənin xeyir-duası ilə döyüşlərə yollanan cinayətkar dəstə erməni xislətini bütün çılpaqlığı ilə göstərir - Sevil Mikayılova

Bakı. Trend:

Rusiya-Ukrayna arasında gedən irimiqyaslı çoxlu insan tələfatı və dağıntılarla müşahidə olunan hərbi əməliyatların qarşısının alınması üçün çağırışların və səylərin gücləndiyi bir dönəmdə erməni batalyonu Ukraynada döyüşlərə qatılmaq üçün təşkilatlanır. Moskvada erməni Apostol Kilsəsində yeni yaradılmış "ARBAT" adlı erməni batalyonunun Donbasda döyüşlərdə iştirak etməsi üçün xeyir-dua tədbiri keçirilib. Xeyir-dua tədbirinin keçirilməsi erməni xislətini bütün çılpaqlığı ilə göstərir.

Bunu Trend-ə açıqlamasında Milli Məclisin deputatı Sevil Mikayılova deyib.

Onun sözlərinə görə, bu barədə məlumatlar "Ukrainskaya Pravda" qəzetinin 4 iyul tarixli sayında yayımlanıb. Məlumatlara görə, Erməni batalyonu döyüşlərdə Ermənistan bayrağı altında vuruşacaq, məqalədə foto sübutlar da mövcuddur.

"Fotolarda erməni kilsə xadimlərinin Ukraynanın Donbas regionunda döyüşlərə qatılacaq erməni döyüşçülərə xeyir-dua verməsi əks olunur. Sadalanan faktlar hadisənin gerçəkliyinə heç bir şübhə doğurmur", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova əlavə edib ki, Ermənistanın Azərbaycan ərazisində törətdikləri artıq bütün dünyaya məlumdur. Tarix boyu islamafob, anti-türk ideologiyası ilə silahlanmış erməni terrorizmi indi yeni yeni coğrafiyaya ayaq açır.

"Azad olunmuş ərazilərimizdə daşı-daş üstündə qoymayan, bütün infrastrukturu, mədəni, tarixi abidələri, müqəddəs ocaqları dağıdıb talayan erməni işğalçıları öz yırtıcı mahiyyətinin nə olduğunu göstəriblər. Maraqlıdır ki, zaman keçsə də erməni terrorunun hələ də mahiyyətcə dəyişmədiyini görürük. Əgər çox uzaq olmayan tarixə ekskursiya etsək, ikinci dünya müharibəsində "ad çıxarmış" erməni faşist Nijdenin qan içən əməlləri hələ də insanlığa utanc gətirən faktlar kimi arxivlərdə durur. Türk diplomlatlara hücum edib onları qətl edənə "NEMESİS" terror təşkilatına və müxtəliq qanlı cinayətlər törətmiş Nijdeyə bu gün Ermənistanda abidə ucaldıılır", - deyə S.Mikayılova əlavə edib.

S.Mikayılova bildirib ki, mərasimdə diqqət çəkən digər məqam isə Ukraynada axtarışda olan Armen Horlivski ləqəbi ilə tanınan Armen Sərkisyanın xeyir-dua alan batalyon üzvləri arasında olmasıdır.

"O, 2014-cü ildə Kiyevdə Maydan hadisələri zamanı "ölüm briqadaları" yaradaraq dinc nümayişçilərə qarşı divan tutan qrupa rəhbərlik etmişdir. Sərkisyanın divan tutduğu nümayişçilər arasında 2014-cü il fevralın 18-dən 19-na keçən gecə qətlə yetirilmiş Ukraynalı jurnalist Vyaçeslav Veremii də var. Veremiini qətlə yetirən Yuri Krısin adlı qatil Ukrayna məhkəməsində etiraf etmişdir ki, Maydanda dinc nümayişçilərə terror aktı törətmək üçün Sərkisyandan 20.000 (iyirmi min) ABŞ dolları alıb.

Beləliklə insanlığa qənim kəsilən cinayətkarlar öz qanlı fəaliyyətləri üçün hər zaman yer tapırlar. Müharibə dəhşətdir, qandır, itkidir. Azərbaycan dövləti müharibənin acı nəticələrinin qarşısını almaq üçün Ukraynaya humanitar yardımlarını bu gün də davam etdirir. Türkiyə diplomatik müstəvidə sülhə yönəlik addımları daha da möhkəmləndirməkdədir. Belə bir mürəkkəb tarixi məqamda vəziyyəti yüngülləşdirmək, insanları və insanlığı qorumaq əvəzinə erməni kilsəsi hərbi əməliyyatları daha da qızışdırmaq, itkilərin və dağıntıların sayını artırmaq üçün erməni döyüşçələrə xeyir-dua verir", - deyə o, əlavə edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti