...

İİB İnstitutu İslam maliyyələşdirməsinin normativ bazasının hazırlanmasında Azərbaycanla sıx əməkdaşlıq edir - İnstitutun nümayəndəsi

İqtisadiyyat Materials 27 Aprel 2024 14:35 (UTC +04:00)
İİB İnstitutu İslam maliyyələşdirməsinin normativ bazasının hazırlanmasında Azərbaycanla sıx əməkdaşlıq edir - İnstitutun nümayəndəsi
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Ər-Riyad. Trend:

İslam İnkişaf Bankı (İİB) İnstitutu İslam maliyyələşdirməsinin normativ bazasının hazırlanmasında Azərbaycanla sıx əməkdaşlıq edir.

Bu barədə Trend-ə İİB İnstitutunun baş direktoru vəzifəsini icra edən Sami Əl-Suvaylem Ər-Riyadda İİB-in illik müşavirələrinin kluarında deyib.

"İslam maliyyələşdirməsi insanları öz cəmiyyətlərində həmrəylik nümayiş etdirməyə, kapitalı real rifah təmin edən və cəmiyyətlər arasında zənginliyi bölüşdürməyə imkan verən layihələrə yönəltməyə imkan verir", - deyə o bildirib.

Əl-Suvaylem İslam maliyyələşdirməsinin prinsipcə iqtisadi inkişafa dəstək, cəmiyyətin tərəqqisi üçün lazımi inqrediyentlərə malik olduğunu qeyd edib.

"Bu nöqteyi-nəzərdən Azərbaycan və regionun digər ölkələri çox yaxşı potensiala malikdir. İslam İnkişaf Bankı İnstitutu Azərbaycanla, eləcə də Qazaxıstan və digər ölkələrlə İslam maliyyələşdirməsinin normativ bazasının hazırlanmasında sıx əməkdaşlıq edir. Bu ölkələrdə İslam maliyyələşdirməsinin inkişafı üçün lazım olan müvafiq mexanizmlərin yaradılması üzərində çalışırıq", - deyə Əl-Suvaylem əlavə edib.

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səudanın himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən toplantıların mövzusu: “Keçmişə dəyər verib, gələcəyi planlaşdırmaq: orijinallıq, həmrəylik və firavanlıq”. Bu toplantılar Bankın üzv ölkələrdə sosial-iqtisadi inkişafı təşviq etmək üzrə fəaliyyətinin 50 illiyini qeyd edir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik toplantılarının və Cənub-Cənub əməkdaşlığı çərçivəsində aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik toplantılar hökumət, beynəlxalq və regional təşkilatlar və özəl sektorun yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri iştirak edəcəklər.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbərlərimizi "WhatsApp" kanalımızdan oxuyun

Xəbər lenti

Xəbər lenti