...

İri emitent ölkələr üçün karbon tullantılarının qiymətləri üzrə əlavə razılaşma vacibdir - BVF

İqtisadiyyat Materials 27 Aprel 2024 09:25 (UTC +04:00)
İri emitent ölkələr üçün karbon tullantılarının qiymətləri üzrə əlavə razılaşma vacibdir - BVF
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

İri emitent ölkələr üçün karbon tullantılarına qiymətqoyma üzrə əlavə razılaşma vacibdir.

Bu barədə Trend-ə Beynəlxalq Valyuta Fondundakı (BVF) mənbədən bildiriblər.

"İqlim siyasətinin makroiqtisadi siyasətlə kəsişdiyi hər yerdə BVF daima köməklik göstərməyə hazırdır. Vergi-büdcə, maliyyə və makroiqtisadi siyasətin müvafiq siyasi cavab tədbirlərinin mühüm tərkib hissəsi olduğu iştirakçı ölkələrimizə iqlim problemlərini həll etməkdə, o cümlədən aşağı karbonlu və dayanıqlı artım imkanlarından ən yaxşı necə istifadə etməklə bağlı köməklik göstəririk", - deyə mənbə vurğulayıb.

Fond səmərəli iqlim siyasətini müəyyən edərək həyata keçirmək üçün siyasi məsləhətləşmələr və potensialın inkişafına dəstək verməklə makrodayanıqlılığı dəstəkləyir, eləcə də daha həssas ölkələrdə problemlərin həlli üçün uzunmüddətli kredit ayırır.

"Yeni kredit vasitəmiz olan Dayanıqlılıq və Dayanıqlı İnkişaf Fondu (RST) vasitəsilə BVF zəif və həssas orta gəlir səviyyəsinə malik ölkələrə iqlim problemlərinin həlli üçün uzunmüddətli maliyyə ayırır. RSF fond qəbul edən ölkələrə özəl iqlim maliyyələşdirməsinin cəlb edilmə variantlarını öyrənməkdə kömək etmək üçün həmçinin çoxtərəfli inkişaf bankları, beynəlxalq maliyyə təsisatları, ikitərəfli donorlar və özəl investorları cəlb edir", - deyə mənbə qeyd edib.

BVF daha geniş üzvlər çevrəsi üçün iqlim prizmasını öz iqtisadi nəzarətinə əlavə edir.

"Makroiqtisadi və maliyyə siyasəti "yaşıl" iqtisadiyyata keçidin mühüm komponentidir. Bu, beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayır. Bu cür əməkdaşlıq iki səviyyədə vacibdir: birincisi, beynəlxalq maliyyə təsisatları, tənzimləyici orqanlar və standartları tərtib edənlər arasında birgə siyasət və qaydaların hazırlanması, informasiyanın və taksonomiyanın açılması üçün, ikincisi çoxtərəfli inkişaf bankları, donorlar və özəl sektor arasında iqlim maliyyələşdirməsinin genişləndirilməsinə imkan yaradacaq risk bölgüsü mexanizmlərinin hazırlanması üçün. İqlimimizi stabilləşdirməyə nail olmasaq, bütün ölkələr əziyyət çəkəcək, bu səbəbdən hər bir ölkə öz töhfəsini verməlidir. Nə qədər təxirə salsaq, xərclər bir o qədər artacaq və gələcək nəsillər üçün nəticələr bir o qədər pis olacaq", - deyə mənbə bildirib.

BVF-in fikrincə, karbon tullantılarına qiymətqoyma yaxşı düşünülmüş siyasətin ayrılmaz tərkib hissəsi olmalı və dövlət tərəfindən investisiya dəstəyi, eləcə də yığımlar, tənzimləmə və ticarət oluna bilən səmərəlilik standartları kimi sahə üzrə siyasətlə tamamlanmalıdır.

"Vergi stimulları həmçinin, daha geniş tullantı mənbələri, o cümlədən metan, meşə təsərrüfatı və kənd təsərrüfatı üçün vacibdir. Bütün dünyada karbon tullantları üçün qiymətqoyma tendensiyası artmaqdadır, hərçən ölkələr arasında əhatə və qiymət göstəricilərində böyük fərqlər mövcuddur. Karbon tullantılarına qiymətqoyma təqribən 50 ölkədə mövcuddur. Qlobal miqyasda əhatə 10 il bundan əvvəlki təqribən 10 faizlə müqayisədə hazırda tullantıların təqribən 25 faizini təşkil edir. Lakin istərdik ki, bu proses əhəmiyyətli dərəcədə sürətlənsin, bunun üçün isə əsas tullantı mənbələri arasında əlavə saziş tələb olunur", - deyə mənbə bildirib.

BVF bununla əlaqədar olaraq artıq bir neçə ildir ki, ölkələrə karbon tullantıları qiymətlərinin beynəlxalq minimal səviyyəsi barədə razılığa gəlməyi tövsiyə edir, bu Paris sazişini tamamlayacaq.

"Hətta buraya altı əsas emitent ölkədən (Kanada, Çin, Avropa İttifaqı, Hindistan, Böyük Britaniya, ABŞ) ibarət ölkələrin kiçik qrupu daxil olsa idi, bu reallaşdırmadakı boşluğun böyük bir hissəsini doldura bilərdi. Qiymətqoymanın daha az mümkün olduğu ölkələr üçün tullantıların ekvivalent azaldılmasını təmin edən alternativ siyasət tətbiq etmək mümkün olardı. Bu həmçinin digər ölkələrin analoji vasitələr qəbul etməsi üçün çox güclü siqnal rolunu oynaya bilər.

Qiymətlərin minimal səviyyəsi barədə saziş kimi siyasətin beynəlxalq koordinasiya mexanizminin nə zaman yarana biləcəyi, burada kimin iştirak edəcəyi və onun hansı formanı alacağına dair proqnozlar spekulyativdir", - deyə mənbə sonda deyib.

(Tərcümə: Rəna Əbdürəhmanova)

Xəbər lenti

Xəbər lenti