...

İslam maliyyələşdirməsi effektiv mexanizmdir - İİB Qrupunun sədri

İqtisadiyyat Materials 27 Aprel 2024 21:22 (UTC +04:00)
İslam maliyyələşdirməsi effektiv mexanizmdir - İİB Qrupunun sədri
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Ər-Riyad. Trend:

İslam maliyyələşdirməsi infrastruktur layihələrinə artan tələbatı ödəmək üçün effektiv mexanizmdir.

Trend xəbər verir ki, bu barədə İslam İnkişaf Bankının (İİB) Ər-Riyadda keçirilən illik toplantıları çərçivəsində İİB qrupunun sədri Məhəmməd Süleyman Əl-Cəsser “Dayanıqlı infrastrukturun inkişafı üçün İslam maliyyələşdirməsinin tətbiqi” mövzusunda panel müzakirəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, COVID-19 infrastrukturda zəiflikləri üzə çıxarıb, hökumət resurslarını boşaldıb və inkişaf tərəqqisini geri qaytarıb.

"Ən az inkişaf etmiş ölkələrin üçdə biri indi pandemiyadan əvvəlkindən daha pis vəziyyətdədir. Təcili tədbirlər görülməsə, onların inkişaf perspektivləri daha da pisləşə bilər. Ən az inkişaf etmiş ölkələr istifadə olunmağı gözləyən nəhəng iqtisadi potensiala malikdirlər. Sosial və fiziki infrastruktura investisiyaların artırılması yoxsulluğun azaldılması, səhiyyə və təhsilin yaxşılaşdırılması və iş yerlərinin yaradılması üçün əsasdır. Bu, həmçinin pandemiya və iqlim dəyişikliyi kimi gələcək şoklara qarşı dayanıqlığı artırır", - deyə o bildirib.

O hesab edir ki, dünyanın uzunmüddətli həll yollarına ehtiyacı var və davamlı infrastruktur layihələri buna cavabdır:

"Bununla belə, bu layihələrin maliyyələşdirilməsi paradiqmanın dəyişməsini tələb edir. 2040-cı ilə qədər infrastrukturun maliyyələşdirilməsində fərqin 15 trilyon ABŞ dolları olacağı təxmin edilir. Ənənəvi dövlət maliyyələşdirmə mexanizmləri infrastruktur layihələrinə artan tələbatı ödəyə bilmir. Bu problemləri həll etmək və uzunmüddətli investisiyalar üçün kifayət qədər maliyyəni səfərbər etmək üçün yeni yanaşmaya ehtiyac var.

İslam maliyyələşdirməsi burada işıq verən vasitə kimidir. Onun aktivlərə əsaslanan və risklərin bölüşdürülməsi prinsipləri ən az inkişaf etmiş ölkələrin uzunmüddətli infrastruktur layihələri üçün ehtiyaclarına ideal şəkildə uyğun gəlir".

Bundan əlavə, Əl-Cəsser bildirib ki, İslam maliyyələşdirməsi ekoloji məsuliyyəti vurğulamaqla bu səyləri dəstəkləmək üçün idealdır:

"Son beş onillikdə İslam İnkişaf Bankı İslam maliyyəsini müdafiə edir. Strategiyamız güclü tərəfdaşlıqların qurulmasına, maliyyə bazarlarının inkişafına və özəl sektorun səlahiyyətlərinin artırılmasına yönəlib. Bu sistemdə risklərin effektiv azaldılmasını təmin etmək üçün möhkəm idarəetmə çox vacibdir".

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyər verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və tərəqqi”dir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye palataları və biznes şuralarının nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti