Bakı.Trend:
31 oktyabr 2025-ci ildə ölkəmizdə ilk dəfə olaraq Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Belçikanın müstəmləkə keçmişinə və onun hazırkı ağır fəsadlarına həsr olunmuş “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfrans keçirilib.
Trend xəbər verir ki, tədbirdə Belçikanın keçmiş müstəmləkələri – Konqo Demokratik Respublikası, Ruanda və Burundidən olan nümayəndələr, habelə diplomatlar və rəsmi şəxslər iştirak edib.
Ümumilikdə konfransa 8 ölkədən beynəlxalq hüquq üzrə ixtisaslaşmış mütəxəssilər, tarixçilər, tədqiqatçılar, vətəndaş cəmiyyəti fəalları, reparasiya məsələləri üzrə ekspertlər qatılıb.
Konfransda Belçikanın Afrika qitəsində, xüsusilə Konqo
Demokratik Respublikası, Ruanda və Burundi kimi keçmiş
müstəmləkələrində yerli əhaliyə qarşı törətdiyi vəhşiliklər – etnik
bölünmə siyasəti, kütləvi qətllər və mədəni mirasın talan edilməsi,
o cümlədən Belçika müstəmləkəçiliyinin bu günə qədər davam edən
ağır nəticələri müzakirə edilib. Eyni zamanda, Belçikanın
müstəmləkə ərazilərində həyata keçirdiyi neokolonial siyasət
nəticəsində adıçəkilən ölkələrin resurslarının hələdə istismar
edilməsi, dəymiş ziyana görə bu xalqlara ödənməli olan kompensasiya
tələbinin beynəlxalq müstəviyə daşınması və beynəlxalq
təşkilatların gündəliyinə salınması ətrafında fikir mübadiləsi
aparılıb.
Xatırladaq ki, 2019-cu il tarixində BMT-nin Afrika Mənşəli
Şəxslərin İşçi Qrupu tərəfindən hazırlanan hesabatda Belçikanın
müstəmləkəçiliyi dövründə indiki Konqo Demokratik Respublikası
(DRK), Ruanda və Burundidə 10 milyon insanın qətlə yetirildiyi, on
minlərlə insanın əllərinin kəsildiyi, bu gün də münaqişə ocağına
çevrilmiş etnik bölünmə siyasətinin həyata keçirildiyi, yerli
əhalinin məcburi əməyə cəlb edildiyi, 20 000 qarışıq nigahdan olan
(metis) uşağın oğurlandığı və yerli icmalardan ayıraraq asimilasiya
siyasətinə məruz qoyulduğu, soyqırımlara zəmin yaradıldığı
vurğulanır. Hesabatda Belçikaya həqiqətlərin və faktların aşkar
edilməsi üçün komissiyanın qurulması, arxivlərin açılması və
təzminat ödənilməsi tövsiyə edilir.
Digər müstəmləkəçi dövlətlər kimi, Belçika da işğal və istismar etdiyi xalqlara qarşı misilsiz vəhşiliklər törətsə də, təəssüf ki, dünya ictimaiyyətindən bu cinayətləri gizlədə bilib. Konfransın məqsədi həm də tarixi həqiqətlərlə ictimaiyyəti tanış etmək olub.
