Bakı. Trend:
Xarici işlər naziri Ceyhun Bayramov Özbəkistan Respublikasının Səmərqənd şəhərinə işgüzar səfəri çərçivəsində Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto ilə görüşüb.
Trend bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Görüş zamanı, Azərbaycan və Macarıstan arasında mövcud strateji
tərəfdaşlıq münasibətlərinin inkişaf perspektivləri, regional və
beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq məsələləri, gələcək
plan və layihələr müzakirə olunub.
Nazir Ceyhun Bayramov iki ölkə arasında mövcud siyasi dialoqun,
qarşılıqlı səfər və təmasların, habelə strateji dialoq və siyasi
məsləhətləşmələr kimi mexanizmlərin tərəfdaşlıq münasibətlərinin
inkişafına töhfə verdiyini diqqətə çatdırıb.
İkitərəfli əsasda Azərbaycan və Macarıstan arasında iqtisadiyyat,
ticarət, investisiyalar, enerji təhlükəsizliyi, bərpaolunan enerji
ehtiyatları, humanitar, təhsil, mədəniyyət və s. istiqamətlər üzrə
çoxşahəli əməkdaşlıq gündəliyində duran məsələlər ətrafında fikir
mübadiləsi aparılıb. Xüsusilə, iqtisadi əlaqələrin daha da
gücləndirilməsi baxımından potensialın mövcudluğu, bu istiqamətdə
perspektivlərin müzakirəsi istiqamətində Azərbaycan və Macarıstan
Hökumətləri arasında İqtisadi əməkdaşlıq üzrə birgə Komissiyanın
rolu vurğulanıb.
Bərpa olunan enerji sahəsinin inkişafı və ötürülməsi istiqamətinin
strateji tərəfdaşlıq münasibətlərimizin vacib komponentlərindən
biri olduğu, bu istiqamətdə Qara dəniz sualtı kabel/Yaşıl Orta
Dəhliz təşəbbüsünün irəlilədilməsi fəaliyyətinin davam
etdirilməsinin zəruriliyi görüşdə vurğulanıb.
Macarıstanın işğaldan azad olunmuş ərazilərdə aparılan quruculuq
işlərinə töhfəsi minnətdarlıqla qeyd olunub.
Görüşdə, həmçinin regional təhlükəsizlik və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
13:40
xxx
Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov Səmərqənddə UNESCO Ümumi Konfransı çərçivəsində macar həmkarı Peter Siyarto ilə görüş keçirib.
Trend xəbər verir ki, bu barədə Xarici İşlər Naziri öz rəsmi “X” səhifəsində paylaşım edib.
“Görüşdə Azərbaycanla Macarıstan arasında davam edən əməkdaşlığı müzakirə etdik və regional və qlobal inkişaflarla bağlı fikir mübadiləsi apardıq. Strateji tərəfdaşlığın dərinləşdirilməsi və regional sülh və sabitliyin irəlilədilməsinə olan sadiqliyimizi bir daha təsdiq etdik” ,- deyə məlumatda qeyd olunur.
 
                                     
                                    
 
                             
                             
                             
                            