Bakı. Trend:
Ermənistan Respublikası silahlı qüvvələrinin Azərbaycan Respublikası ərazisinə təcavüzü nəticəsində Gəncə şəhərində dağıdılmış, qəzalı vəziyyətə düşmüş, təmir və bərpaya ehtiyacı olan fərdi yaşayış evləri və qeyri-yaşayış obyektlərinin tikintisi, təmiri və bərpası işləri davam etdirilir.
Trend-in dövlət satınalmalarının vahid internet portalına istinadən məlumatına görə, bu işlərin davamı kimi növbəti mərhələ üzrə təmir işləri aparılacaq.
Belə ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tabeliyindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzi Gəncə şəhərində bəhs olunan təmir-bərpa işləri ilə bağlı “İnşaat Servis-2” Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) ilə yeni müqavilə bağlayıb.
Müqaviləyə uyğun olaraq, şirkətə 460,9 min manat ödənilib.
Buna qədər isə, dövlət qurumu indiyədək qeyd olunana işlər üzrə “İnşaat Servis-2” MMC ilə bir neçə dəfə müqavilə bağlayıb. Buna misal olaraq 2021-ci ildə 2,2 milyon manatlıq, 2023-cü ildə 1,5 milyon manatlıq müqavilələri göstərə bilərik.
Dövlət qurmunun bir neçə dəfə işləri həvalə etdiyi “İnşaat Servis-2” MMC 2009-cu ildə dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 50 manat olan MMC-nin qanuni təmsilçisi Aslanov Vüqar Məzahir oğludur.
 
                                     
                            