Bakı. Trend:
Türkiyənin "Orman Ürünleri Emprenye İnşaat Nakliye və Otomotiv
Sanayi ve Ticaret" şirkəti
məhsullarını Azərbaycan bazarına çıxarmaqda maraqlıdır.
Bunu Trend-ə açıqlamasında sözügedən şirkətin rəhbəri Müzəffər Dəmirəl deyib.
O, əvvəlcə şirkətin fəaliyyəti istiqaməti və ixrac potensialı barədə danışıb:
"Biz ağac və meşə məhsulları istehsal edirik. Bununla yanaşı, müxtəlif tətbiqlər də həyata keçiririk. Məsələn, taxta terraslar, hovuz kənarlarının düzəldilməsi, taxta evlər və s. inşa edirik.
İxrac fəaliyyətimizə gəlincə, daha çox Şimali İraq və Liviyaya
ixrac etmişik. Hazırda Azərbaycanla ixrac sahəsində əməkdaşlığımız
olmayıb. İdxalımız əsasən Finlandiya və digər Şimali Avropa
ölkələrindən olur. Bəzən Rusiya və Sibir bölgəsindən gətirilən
taxta məhsulları da alırıq. Məsələn, Sibir şamı (Sibirya çamı)
Türkiyədə çox sevilir, çünki bu ağac budaqsız olur, yəni səthində
“budaq” deyilən dairəvi izlər yoxdur.
Sibir şamının keyfiyyəti yüksək olsa da, məsafə uzaq olduğuna görə
nəqliyyat xərcləri çox olur".
Şirkət rəsmisi Azərbaycan bazarına maraqlı olduqlarını vurğulayıb:
"Azərbaycan coğrafi mövqeyinə görə Türkiyəyə daha yaxındır. Azərbaycan bazarına marağımız var, amma hələlik konkret əməkdaşlıq qurulmayıb. Bir neçə nəfərlə ilkin danışıqlar aparmışıq, lakin nəticə hələlik müəyyən deyil.
Əlbəttə, istərdik ki, Azərbaycan bazarında da fəaliyyət göstərək. Biz burada emal olunmuş taxta məhsulları sata bilərik. Çünki xam (emal olunmamış) taxtanı Azərbaycan daha asanlıqla Rusiyadan əldə edə bilər".
 
                                     
                            