...

Türkiyə Zəngəzur dəhlizinin reallaşmasına töhfə verməyi bir missiya hesab edir - Erdal Bahçıvan

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 Oktyabr 2025 10:25 (UTC +04:00)
Türkiyə Zəngəzur dəhlizinin reallaşmasına töhfə verməyi bir missiya hesab edir - Erdal Bahçıvan
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Bu il həm Ermənistanla sülh prosesinin irəliləməsi, həm də Zəngəzur dəhlizinin yaranması baxımından tarixi bir dövrü yaşayırıq. Çətin mərhələlərdən keçən Azərbaycan bu gün dünyanın parlayan ulduzuna çevrilmək yolundadır.

Trend xəbər verir ki, bunu İstanbul Sənaye Palatasının İdarə Heyətinin sədri Erdal Bahçıvan Türkiyə iş adamlarının Bakıda keçirilən biznes görüşü çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Biz Türkiyənin təcrübəli sənaye nümayəndələri olaraq bu inkişaf prosesinə töhfə verməyi, iqtisadi fəaliyyət və investisiyalar vasitəsilə bu uğuru daha da möhkəmləndirməyi özümüz üçün bir missiya hesab edirik, - o vurğulayıb.

Sədr vurğulayıb ki, iki ölkə liderləri tərəfindən müəyyənləşdirilən 15 milyard dollarlıq ticarət hədəfinə asanlıqla nail olunacağına inanır:

"Hətta qarşılıqlı investisiyalar və üçüncü ölkələrə yönəlmiş ortaq strategiyalarla bu rəqəmin çox daha yüksək səviyyələrə qalxması mümkündür. Bu baxımdan türk sənayeçiləri və investorları regionda yaranan fürsətləri düzgün dəyərləndirməlidir".

S. Bahçıvan eyni zamandan qeyd edib ki, Azərbaycanın da Türkiyədə çox dəyərli investisiyaları var:

"Xüsusilə SOCAR-a təşəkkürümü bildirmək istəyirəm. Çünki Türkiyəyə son illərdə edilən ən böyük və ən dəyərli xarici sərmayələrdən birini həyata keçirib. Bu əməkdaşlığı yalnız Türkiyənin Azərbaycandakı investisiyaları kimi deyil, həm də azərbaycanlı dostlarımızın Türkiyədə və digər sahələrdə həyata keçirəcəkləri layihələr baxımından da qarşılıqlı fürsət kimi görmək lazımdır".

S. Bahçıvan vurğulayıb ki, ən önəmlisi isə, üçüncü ölkələrdə və fərqli regionlarda birgə nələr edə biləcəyimizi düşünməkdir:

"Çünki hər iki ölkənin iqtisadiyyatları bir-birini tamamlayan çox dəyərli resurslara malikdir. Türk xalqının bir sözü var: “Bir əl nə edə bilər? İki əl səs çıxarar.” Mən bunu bir qədər də irəli aparmaq istəyirəm – “Bir əl nə edə bilər? İki əl birlikdə yumruq olar.” Biz yan-yana, çiyin-çiyinə olduqca bu gücü dünyaya göstərə bilərik.

“Bir millət, iki dövlət” şüarının təkcə bir ifadə deyil, real əməkdaşlıq və ortaq fəaliyyətlərlə gerçəyə çevrildiyinə ürəkdən inanıram. Ümid edirəm ki, qarşıdakı illərdə bu birliyi daha da güclü şəkildə nümayiş etdirəcəyik. Bu səfərimizin də bu istiqamətdə mühüm bir addım və fürsət olacağına inanıram".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti