Bakı.Trend:
Əgər müstəqillikdən 65 il sonra biz hələ də kolonializmdən danışmaq və ona qarşı mübarizə aparmaq məcburiyyətindəyiksə, deməli, müstəqillik dövründə nələrsə düzgün getməyib. Müstəqillik həqiqətən uğurlu olsaydı, bu gün artıq kolonializmdən danışmazdıq.
Trend xəbər verir ki, bu fikirləri bu gün “Belçika Müstəmləkəçiliyi: Tanınma və Məsuliyyət” adlı beynəlxalq konfransda tədqiqatçı jurnalist Dieudonne Kwebe səsləndirib.
O bildirib ki, bu gün məsələn, hindlilər artıq kolonializmdən danışmır:
“Hindlilər bu dövrü geridə qoyublar, keçmişlə hesabı bağlayıblar. Bəs nə baş verdi? Konqo məsələsinin mahiyyəti nədən ibarətdir? Çünki bu, doğrudan da xüsusi bir haldır”.
Kwebe vurğulayıb ki, bu məsələ əslində ödənilməmiş borc məsələsidir:
“Təsəvvür edin, banka gedirsiniz, sizə kredit verilir, lakin siz onu geri qaytarmırsınız. Banker isə gəlir, ya avtomobilinizi, ya da evinizi alır. Bəs bu "bankir" kim idi? Onlar kreditorlardır - yəni, İkinci Leopoldun kreditorları, yəni London, Hannover, Hamburq və Sürix bankirləri”.
Tədqiqatçı əlavə edib ki, məhz həmin kreditorlar Mərkəzi Afrikada dövlət yaratmaq üçün 25 milyard dollar məbləğində borc vermişdilər. Yəni borc verənlər onlar, borclu isə Leopoldun özü idi.
Onun sözlərinə görə, bu qədər böyük məbləği kapitalist məntiqi ilə götürüb, lakin empirik, xaotik və resurslara əsaslanan iqtisadiyyatla qaytarmaq mümkün deyildi. Bu, reallıqda imkansız idi.
“Leopoldun etdiyi ən böyük səhv kapitalist iqtisadiyyatla borc götürüb, empirik iqtisadiyyatla onu qaytara biləcəyinə inanmaq idi. Lakin bunu çox gec başa düşdülər”, - deyə Dieudonne Kwebe vurğulayıb.
 
                                     
                            