Bakı. Trend:
27–31 oktyabr tarixlərində Qusar rayonunda “Səyyar Gənclər Xidməti” layihəsinin növbəti mərhələsi uğurla yekunlaşıb. Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, “Gənc Könüllülər” İctimai Birliyi və Gənclərin İnkişaf və Karyera Mərkəzinin tərəfdaşlığı ilə həyata keçirilən layihə “Suveren dövlət, vətənpərvər gənclik” devizi altında Qusar gənclərinin liderlik, şəxsi inkişaf və peşəyönümlü bacarıqlarının artırılmasına xidmət göstərib.
Layihənin açılışı Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda şəhid olmuş qəhrəmanlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanıb. Rəsmi çıxışlarda Qusar Rayon İcra Hakimiyyətinin ictimai-siyasi məsələlər şöbəsinin müdiri Kamran Sədullayev, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Baş direktoru Azər Əliyev və “Gənc Könüllülər” İctimai Birliyinin sədri Ayxan Allahverdiyev layihənin gənclərin intellektual və sosial potensialının üzə çıxarılmasındakı əhəmiyyətindən bəhs ediblər.
Xidmət çərçivəsində gənclər peşə seçimi, karyera planlaması, süni intellekt texnologiyaları, narkomaniya ilə mübarizə, sağlam həyat tərzinin təşviqi və motivasiya kimi mövzularında təşkil olunan maarifləndirici sessiyalarda biliklərini dərinləşdiriblər. Layihənin praktiki hissəsində Qusar gəncləri onlar üçün yaradılmış zonalarda interaktiv sessiyalar, vörkşoplar və intellektual yarışlarda iştirak edərək həm bacarıqlarını nümayiş etdirib, həm də sosiallaşıblar. Layihənin sonunda fəal iştirakçılar müxtəlif hədiyyələrlə təltif olunub.
Xatırladaq ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunması çərçivəsində reallaşan bu təşəbbüs gənclərin dövlət suverenliyi və müstəqillik anlayışlarını daha dərindən dərk etməsinə, tarixi Zəfərimizin mahiyyətini gənc nəslə aşılanmasına və regionlarda innovativ təşəbbüslərin geniş yayılmasına töhfə verir. Cari ilin 5 avqust tarixindən etibarən icra olunan Səyyar Gənclər Xidməti bugünədək Cəbrayıl, Ağdam, Tərtər, Goranboy, Göygöl, Daşkəsən, Gədəbəy, Qax, Zaqatala, Balakən və Şəki rayonlarında uğurla həyat keçirilib.
 
                                     
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                             
                            