...

Düsseldorfda “Zəfərin nəğmələri” adlı konsert alqışlarla qarşılanıb (FOTO)

Gündəm Materials 31 Oktyabr 2025 19:19 (UTC +04:00)
Düsseldorfda “Zəfərin nəğmələri” adlı konsert alqışlarla qarşılanıb (FOTO)
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Almaniyanın Düsseldorf şəhərində Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə etdiyi şanlı Zəfərin 5 illiyi münasibətilə “Zəfərin nəğmələri” adlı konsert keçirilib.

Trend xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.

Bildirilib ki, konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, azərbaycanlı pianoçu, bəstəkar Səbinə Məmmədovanın rəhbərliyi altında Düsseldorfda fəaliyyət göstərən “Mugam” Alman-Azərbaycan Musiqi Cəmiyyətinin və Almaniyada yaşayan həmyerlimiz, müğənni, bəstəkar Seyran İsmayılxanovun birgə təşkilatçılığı ilə baş tutub. Tədbirdə Almaniyanın müxtəlif şəhərlərindən 200-dən çox tamaşaçı iştirak edib.

Əvvəlcə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi yad olunub.

Konsert Səbinə Məmmədovanın pianoda bəstəkar Vaqif Mustafazadənin “Bayatı-Şiraz” əsərini səsləndirməsi ilə başlayıb. Köln Musiqi Akademiyasının vokal müəllimi Seyran İsmayılxanovun öz alman tələbələri ilə birgə Azərbaycan xalq mahnılarını həm azərbaycanca, həm də almanca ifa etməsi alqışlarla qarşılanıb. Əməkdar artist Sahib Paşazadənin milli musiqi alətimiz olan tarda ifa etdiyi əsərlər izləyicilərdə nostalji hisslər oyadıb. Konsertdə dahi bəstəkar Üzeyir Hacıbəyovun yaradıcılığına həsr olunan musiqi nümunələri də səsləndirilib.

Konsertdə, həmçinin Düsseldorf Opera Teatrının solisti Mara Hüseynova Azərbaycan və dünya bəstəkarlarının əsərlərini ifa edib. Azərbaycanlı müğənni Vüsalə Cabir isə muğam və xalq mahnıları ilə gecəyə xüsusi rəng qatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti