...

Azərbaycanda meyit donorun ürəyi transplantasiya edildi

Cəmiyyət Materials 31 Oktyabr 2025 15:51 (UTC +04:00)
Azərbaycanda meyit donorun ürəyi transplantasiya edildi
Bəsti Məmməd
Bəsti Məmməd
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycan səhiyyəsində növbəti tarixi uğur: meyit donorun ürəyi transplantasiya edildi.

Trend xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi və Mərkəzi Klinikanın birgə məlumatında qeyd edilib.

Bildirilib ki, Azərbaycan səhiyyəsi tarixi inkişaf dövrünü yaşayır.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən səhiyyə sahəsində aparılan ardıcıl, sistemli və əsaslı islahat tədbirləri nəticəsində ölkə səhiyyəsi yeni tarixi tərəqqi mərhələsinə qədəm qoyub.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüskarı və dəstəkçisi olduğu layihələr sektorun çoxşaxəli inkişafına mühüm töhfələr verib.

Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinə 3 saylı Şəhər Kliniki Xəstəxanasında müalicə olunan pasiyentə beyin ölümü diaqnozunun qoyulması barədə məlumat daxil olub.

Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi tərəfindən dərhal orqan donorluğu və transplantasiyası prosesinin təşkili və əlaqələndirilməsi üzrə aidiyyəti tədbirlər həyata keçirilib.

Beyin ölümü diaqnozu təsdiqləndikdən sonra mərhumun ailəsi yüksək humanizm nümunəsi göstərərək orqanları bağışlamağa razılıq verib. Bununla da, Qafqaz regionunda ilk dəfə olaraq meyit donorun ürəyi transplantasiya edilib.

Ürək transplantasiyası əməliyyatı Mərkəzi Klinikada baş həkim, professor Kamran Musayevin rəhbərlik etdiyi ixtisaslı tibbi heyət tərəfindən yüksək peşəkarlıqla icra olunub. Meyit donorun ürəyi 2006-cı il təvəllüdlü Tovuz rayon sakininə köçürülüb.

Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi donorun yaxınlarına nəcib davranışlarına görə minnətdarlığını bildirir, peşə vəzifələrini yüksək səviyyədə icra etmiş tibb mütəxəssislərinə təşəkkür edir, gələcək fəaliyyətlərində uğurlar arzulayır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti