...

Bolqarıstan enerji ilə yanaşı başqa istiqamətlərdə də Azərbaycanla yeni əməkdaşlıq imkanları görür - Nazir

Energetika Materials 31 Oktyabr 2025 15:45 (UTC +04:00)
Bolqarıstan enerji ilə yanaşı başqa istiqamətlərdə də Azərbaycanla yeni əməkdaşlıq imkanları görür - Nazir
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstan enerji ilə yanaşı başqa istiqamətlərdə də Azərbaycanla yeni əməkdaşlıq imkanları görür.

Trend Bolqarıstanın Energetika Nazirliyinə istinadən xəbər verir ki, bunu Bolqarıstanın Energetika Naziri Jeço Stankov Sofiyada Hökumətlərarası Birgə Komissiyanın 7-ci iclasında deyib.

Jeço Stankov və Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədovun həmsədrlik etdiyi iclasda ikitərəfli əlaqələrin dərinləşdirilməsi istiqamətində konkret addımlar müzakirə olunub.

“Bolqarıstan və Azərbaycan arasında tərəfdaşlıq strateji əhəmiyyət daşıyır və bu, iqtisadiyyatlarımızın daha rəqabətədavamlı olmasına imkan verəcək. Geniş mövzu dairəsi və qarşılıqlı faydalı layihələr birgə fəaliyyətin nəticələrini nümayiş etdirir”,- deyə Stankov vurğulayıb.

Nazirlər qeyd ediblər ki, iki ölkə arasında artıq onlarla saziş imzalanıb ki, bu da əməkdaşlığın davamlı inkişafının bariz göstəricisidir. Tərəflər xüsusilə enerji sektoruna diqqət yönəldiblər, çünki bu sahə tərəfdaşlığın əsas istiqamətlərindən biridir. Azərbaycan qazının tədarükü Bolqarıstandakı istehlakın təxminən üçdə birini təmin edir və regionun enerji təhlükəsizliyinin təmin edilməsində strateji rol oynayır.

Avropanın enerji təchizatında mühüm əhəmiyyət daşıyan Cənub Qaz Dəhlizi layihəsini ilk dəstəkləyən ölkələrdən biri kimi Bolqarıstan Xəzər regionundan davamlı enerjinin nəqli və “yaşıl dəhlizlərin” yaradılması təşəbbüslərində iştirak etməyə hazır olduğunu bir daha təsdiqləyib.

Stankov qeyd edib ki, Komissiyanın fəaliyyəti iqtisadi əlaqələrin daha da möhkəmləndirilməsi üçün etibarlı əsas yaradır. “Əlaqələrimizin əsas elementi enerji sektoru olaraq qalır, lakin biz əməkdaşlığın möhkəmləndirilməsi üçün digər perspektivli istiqamətləri də görürük – kənd təsərrüfatı, nəqliyyat, sənaye, müdafiə sənayesi və digər sahələr”, – deyə o əlavə edib.

İclasın yekununda Komissiyanın həmsədrləri tərəfdaşlığın dərinləşdirilməsi istiqamətində konkret öhdəlikləri və növbəti addımları əks etdirən protokol imzalayıblar.

İclasla paralel keçirilən biznes-forum çərçivəsində Bolqarıstan və Azərbaycandan təxminən 100 şirkət iqtisadi əlaqələrin genişləndirilməsində maraqlı olduqlarını təsdiqləyiblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti