Bakı. Trend:
Türkiyənin "Gama Reklam Sanayi ve Ticaret Anonim Şirketi" Azərbaycan bazarında fəaliyyətini bərpa etməkdə maraqlıdır.
Bunu Trend-ə açıqlamasında İstanbul Sənaye Palatasının (İSO) məclis üzvü, "Gama Reklam Sanayi ve Ticaret Anonim Şirketi"nin rəhbəri Mehmet Özbakır deyib.
O bildirib ki, Azərbaycan və Türkiyə arasında əvvəlcədən qardaşlıq əlaqəsi mövcuddur, həmçinin iqtisadiyyatları bir-birini dəstəkləyəcək vəziyyətdədir:
"Mən Azərbaycandakı inkişafı çox yaxşı müşahidə edirəm. Əgər Türkiyə öz sənaye təcrübəsini buraya daşısa, Azərbaycandan isə digər ölkələrə ixrac həyata keçirilə bilər və bu, ölkənin inkişafına töhfə verə bilər. Mən bu vəziyyəti çox müsbət qiymətləndirirəm".
M. Dəmirəl təmsil etdiyi şirkət barəsində də danışıb və Azərbaycanda fəaliyyətlərinin bərpa edilməsinə çalışdıqlarını vurğulayıb:
"Biz yanacaqdoldurma məntəqələri tikirik və korporativ identifikasiya tətbiqləri həyata keçiririk. Azərbaycanda da əvvəllər fəaliyyət göstərmişik, amma hazırda çalışmırıq. Əvvəllər bp (British Petrol) şirkəti ilə əməkdaşlıq etmişik və dünyanın bir çox ölkələrində onunla işləyirik. Azərbaycanda da onların layihələrini həyata keçirmişik, yanacaqdoldurma məntəqələrini tikmişik. Biz yenidən Azərbaycanda şirkətimizin fəaliyyətini bərpa etmək istəyirik. Bizim buraya gəlmək məqsədimiz əməkdaşlıq qurmaq və şirkətin fəaliyyətini inkişaf etdirməkdir. Həmçinin Azərbaycandakı həmkarlarımızla birlikdə yeni iş imkanları yaratmaq istəyirik".
Məclis üzvü, həmçinin Azərbaycan bazarının potensialını da dəyərləndirib:
"Burada hər şey mümkündür, çünki Azərbaycan inkişaf edir. İnkişaf isə daha çox iş imkanları deməkdir. Biz bütün dünya ölkələri ilə əməkdaşlıq edirik və Azərbaycanda da yeni layihələr həyata keçirə bilərik".
"Azərbaycan və Türkiyə arasında ticarət dövriyyəsinin 15 milyard dollara çatdırılması hədəflənir və bununla bağlı addımlar atılır. Azərbaycan üçün bu böyük bir büdcə sayılmır, çünki burada iş adamları çox həvəsli fəaliyyət göstərirlər və dövlət tərəfindən dəstəklənirlər. Müxtəlif sahələrdə sənaye zonaları yaradılır, özəl sektor inkişaf etdirilir. Bir sözlə, qarşıya qoyulan hədəfi qısa zamanda əldə etmək mümkündür", - deyə Mehmet Özbakır əlavə edib.
 
                                     
                            