Bakı. Trend:
Milli komandamızın forvardı Renat Dadaşov “Motor”u tərk etməyi planlaşdırır. Polşa klubunda istədiyi qədər oynaya bilməyən forvard daha çox şans tapacağı komandaya keçməyi düşünür. Bunun üçün isə onun bir çox variantı var.
Trend xəbər verir ki, Azərbaycan Premyer Liqasında yarışan iddialı klubların əksəriyyəti Dadaşovu heyətinə qatmağa hazırdır. Hətta forvard “Motor”a keçməmişdən əvvəl də Azərbaycandan 2 klub onun meneceri ilə əlaqə saxlamış və müqavilə imzalamaq istəyini bildirmişdi. Lakin sonda Renat Polşaya getməyə qərar vermişdi.
Türkiyə 1-ci liqasında yarışan “Iğdır”ın da transfer siyahısında yer alan Renat qış “transfer pəncərəsi” zamanı seçimini edəcək. Məhz həmin vaxtı onun Azərbaycana gələcəyi, yoxsa fərqli ölkə üçün addım atacağı dəqiqləşəcək.
26 yaşlı hücumçunun “Motor”la müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.
