Bakı. Trend:
Avropa İttifaqı (Aİ) Orta Dəhliz və "Global Gateway" təşəbbüsü çərçivəsində nəqliyyat əlaqəliliyi sahəsində Azərbaycanı strateji tərəfdaşı olaraq tanıyır.
Trend xəbər verir ki, bu barədə Aİ ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında ədalətli ticarətin, əməkdaşlığın və investisiyaların təşviqinə dair Avronest Parlament Assambleyasının qətnaməsində qeyd olunur.
Sənəddə vurğulanır ki, Qara dənizin dibi ilə çəkiləcək sualtı elektrik kabeli layihəsi və Transxəzər rəqəmsal dəhlizi kimi təşəbbüslər Xəzər regionu, Cənubi Qafqaz və Aİ arasında bərpa olunan enerjinin və yüksək sürətli rəqəmsal trafikin ötürülməsinə yönəlib və “Global Gateway” təşəbbüsünün məqsədlərinə uyğun layihələr kimi qiymətləndirilir.
“Cənub Qaz Dəhlizi Aİ bazarlarına təbii qaz tədarükü üçün etibarlı və strateji marşrutdur, enerji təchizatı mənbələrinin şaxələndirilməsinə töhfə verir və Aİ ilə Azərbaycan “REPowerEU” kimi təşəbbüslər çərçivəsində əməkdaşlığı inkişaf etdirmək niyyətlərini ifadə ediblər”, - sənəddə bildirilir.
Qeyd edək ki, Orta Dəhliz regionun bir sıra ölkələrindən keçən, Asiya ilə Avropanı birləşdirən nəqliyyat və ticarət marşrutudur. Bu, ənənəvi Şimal və Cənub dəhlizlərinə alternativdir.
Marşrut Çindən başlayır və Qazaxıstan, Özbəkistan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələrindən keçərək, Xəzər dənizi, Azərbaycan, Gürcüstan və Türkiyədən keçərək Avropaya çatır. Orta Dəhliz Asiyanın şərq bölgələrini, o cümlədən, Çini Avropa ilə birləşdirən, daha uzun dəniz yollarından yan keçməklə quru yolu təklif edir.
 
                                     
                            