Bakı. Trend:
Avronest Parlament Assambleyası Cənub Qaz Dəhlizinin davamlı inkişaf prinsiplərinə uyğun şəkildə daha da modernləşdirilməsini, həmçinin bərpa olunan enerji mənbələri infrastrukturunun inkişafını dəstəkləyir.
Trend xəbər verir ki, bu barədə Avronest Parlament Assambleyasının Avropa İttifaqı və “Şərq Tərəfdaşlığı” ölkələri arasında azad ticarət, əməkdaşlıq və investisiyaların təşviqi ilə bağlı qətnaməsində qeyd olunub.
“Avronest Azərbaycanı Avropa və Asiya arasında enerji və nəqliyyat əlaqələrinin regional mərkəzi kimi strateji əhəmiyyətə malik ölkə kimi tanıyır və vurğulayır ki, Aİ ilə əməkdaşlıq ümumi prioritetlərin- enerji təhlükəsizliyi və şaxələndirmənin - həyata keçirilməsinə xidmət etməlidir”.
Sənəddə qeyd olunur ki, Avronest Assambleyası Qara dəniz “yaşıl enerji dəhlizi"nin, eləcə də Xəzəryanı rəqəmsal və nəqliyyat əlaqələrinin genişləndirilməsi istiqamətində birgə səylərin göstərilməsinə çağırır. Bu isə elektrik enerjisinin etibarlı ötürülməsinə, rəqəmsal məlumatların davamlılığına və regional ticarətin asanlaşdırılmasına töhfə verəcək.
Qeyd edilir ki, “Global Gateway” təşəbbüsü çərçivəsində bütün əməkdaşlıq şəffaflıq, səmərəlilik və yaxşı idarəçilik prinsiplərinə əsaslanmalı, regionda sülh və sabitliyin möhkəmlənməsinə xidmət etməlidir.
 
                                     
                            