...

Türkiyənin geyim istehsalçısı Azərbaycan bazarına çıxış imkanlarını nəzərdən keçirir

İqtisadiyyat Materials 31 Oktyabr 2025 12:20 (UTC +04:00)
Türkiyənin geyim istehsalçısı Azərbaycan bazarına çıxış imkanlarını nəzərdən keçirir
Sadiq Cavadov
Sadiq Cavadov
Bütün xəbərlər

Bakı. Trend:

Azərbaycanda işimizi inkişaf etdirmək üçün yerli sahibkarlarla daha yaxın əməkdaşlıq etmək vacibdir.

Bunu Türkiyənin geyim və tekstil sahəsində fəaliyyət göstərən “MYN Triko” şirkətinin icraçı direktoru Metin Akyüz Türkiyə iş adamlarının Bakıda keçirilən biznes görüşü çərçivəsində Trend-ə açıqlamasında deyib.

O, Bakıya ticarət məqsədilə ilk dəfə gəldiyini bildirib və qeyd edib ki, bu cür tədbirləri daha sıx təşkil etmək, daha ətraflı işlər aparmaq və hər iki tərəf üçün əldə ediləcək faydaları maksimuma çatdırmaq lazımdır:

"Bu, çox dəyərlidir. Gələcəkdə bunun davamlı olmasına çalışmaq vacibdir.

Şirkətimizin məhsullarını Azərbaycanda indiyədək təqdim edə bilməməsində çatışmazlıqlar və qüsurlar ola bilər. Onları necə aradan qaldıracağıq? Daha çox tədbir keçirməli və daha yaxın əməkdaşlıq etməliyik. İndiyədək həmin sinerjini niyə yarada bilməmişik? Bunu düzgün dəyərləndirməliyik. Hər iki tərəf üçün olan narahatlıqları, qorxuları və iş inkişafını əngəlləyən faktorları müzakirə edərək, daha sıx əməkdaşlıqla bunları aradan qaldırmalı və yeni iş sahələri yaratmalıyıq".

M. Akyüz daha sonra şirkəti barədə məlumat verib və Azərbaycan bazarına mümkün çıxış imkanlarını dəyərləndirib:

"Biz Türkiyədə hazır geyim sektoru üzrə fəaliyyət göstərir, düz toxuma və triko (toxunmuş və ya örülmüş parça və ondan hazırlanmış geyim) istehsalı ilə məşğuluq. Bu məhsulları daha yüksək seqment üçün həm daxili bazara, həm də ixrac üçün hazırlayırıq.

İxrac etdiyimiz ölkələr əsasən Şimali Avropa ölkələridir - Almaniya, Hollandiya, Belçika, Fransa və s. Azərbaycana isə indiyə qədər ixrac etməmişik. Lakin burada işimizi inkişaf etdirmək üçün yerli sahibkarlarla daha yaxın əməkdaşlıq etmək vacibdir. Bu cür görüşlər gələcəkdə faydalı olacaq".

İş adamı şirkətlərinin Azərbaycanda mümükün filialının açılması imkanlarından da bəhs edib:

"Azərbaycanda şirkətimizin filialını açmaq üçün bu bazarı yaxşı araşdırmalı və qarşılıqlı razılıqlar əldə etməliyik. Belə bir mümkün filial vasitəsilə yerli sahibkarlar, yaxud Azərbaycan triko istehsalçıları Türkiyədəki şirkətlərimizlə əməkdaşlıq edərək məhsul istehsal edib satışını burada həyata keçirə bilərlər. Bunun nəticəsində bir sinerji və ticarət fəaliyyətləri yaranar.

Hazırda belə bir tələb və yaxınlaşma olmadığı üçün konkret bir şey deyə bilmərəm. Amma tələb olarsa, işin inkişafı üçün bu məsələni masaya qoyub müzakirə edərik.

Əvvəlcə sahibkarların təşəbbüsü önə çıxmalıdır. Yəni həm Azərbaycan, həm də Türkiyə tərəfdən investisiya qoymağa hazır olan təşəbbüskarlar olmalıdır. Bu olarsa, biz də öhdəliyimizə düşənləri yerinə yetirə bilərik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti