Bakı. Trend:
Bakıda 28 May küçəsində yerləşən memarlıq abidəsinə zərər vurmaq cəhdinin qarşısı alınıb, reklam banerləri arxasında gizlədilmiş qanunsuz işlər dayandırılıb.
Bu barədə Trend-ə Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən məlumat verilib.
Bildirilib ki, Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları tərəfindən Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti ilə birgə aparılan şəhərsalma monitorinqi zamanı Nəsimi rayonu, 28 May küçəsi 20 ünvanında (inv. № 2904) yerləşən memarlıq abidəsində qanunvericiliyin kobud pozuntuları aşkarlanıb.
Aydın olub ki, binanın fasadında və 133,4 kv.m sahəsi olan qeyri-yaşayış obyektində heç bir icazə sənədi və müvafiq qurumlarla razılaşdırma olmadan özbaşına təmir-tikinti işləri aparılıb. Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi və Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti tərəfindən işlərin dayandırılması ilə bağlı aidiyyəti qurumlar və obyektin sahibləri əvvəlcədən xəbərdar edilsə də, qanunsuz fəaliyyət yenidən davam etdirilərək reklam banerləri ilə gizlədilməyə cəhd göstərilib.
Vurğulanıb ki, bu kimi hərəkətlər şəhərin tarixi-memarlıq mühitinə ciddi müdaxilə kimi qiymətləndirilir və dövlət mühafizəsində olan obyektə zərər vurur.
“İşlər dərhal dayandırılıb, binanın fasadı mütəxəssislərin nəzarəti altında ilkin vəziyyətinə qaytarılır. Qanun pozuntusu faktı barədə hüquq-mühafizə orqanlarına məlumat verilib.
Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi bir daha bütün mülkiyyətçi və icarədarları xəbərdar edir ki, binaların memarlıq görkəminə edilən hər hansı qeyri-qanuni müdaxilə qanunvericiliyin kobud pozuntusu hesab olunur və pozuntuya yol verənlər barəsində qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirlər görüləcək”, - deyə məlumatda qeyd edilib.
 
                                     
                                    
 
                             
                             
                             
                             
                            