Bakı. Trend:
Birinci Qarabağ müharibəsinin itkin şəhidi Teymur Qüdrət oğlu Allahverdiyev oktyabrın 31-də Neftçala rayonunun Qaçaqkənd kəndindəki qəbiristanlıqda dəfn olunub.
Trend xəbər verir ki, əvvəlcə Qaçaqkənd kəndində itkin şəhidlə vida mərasimi olub,cənazə namazı qılınıb.
Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin nümayəndələri, hüquq mühafizə orqanlarının əməkdaşları, hərbçilər, müharibə iştirakçıları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Vida mərasimindən sonra hərbi orkestrin və yaylım atəşinin müşayiət itkin şəhid Qaçaqkənd kəndindəki qəbirstanlıqda torpağa tapşırılıb.
Qeyd edək ki, Teymur Allahverdiyev 1967-ci ildə Neftçalanın Qaçaqkənd kəndində anadan olub. O, Birinci Qarabağ müharibəsi zamanı döyüşlərə yollanıb, 1992-cü ildə Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb.
Teymur Allahverdiyev Birinci Qarabağ müharibəsində itkin düşmüş hesab edilən və şəxsiyyətləri müəyyənləşdirilərək bu gün dəfn olunan beş şəhiddən biridir.
 
                                    