Bakı. Trend:
1995-ci ildən başlayaraq Azərbaycanda əvvəlki hakimiyyətlərin dövründə dərinləşən tənəzzül inkişafla əvəz olundu.
Trend xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov parlamentin bugünkü plenar iclasında çıxışı zamanı deyib.
“1996-2002-ci illərdə ÜDM 71 % artdı. Bu müddətdə kənd təsərrüfatında 40.3 %, nəqliyyat və rabitədə 4,2 dəfə, tikintidə 5 dəfə və ticarətdə isə 1,9 dəfə artım qeydə alındı”, - deyə o bildirib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyevin 22 illik prezidentliyi dövründə Azərbaycan iqtisadiyyatı 4 dəfədən çox böyüyüb.
“Son 22 ildə Azərbaycanın icmal büdcəsinin gəlirləri 15 dəfə, xərcləri isə 18 dəfə artıb. Bu müddətdə dövlət büdcəsinin gəlirləri 30 dəfə artıb. Azərbaycan üçün kifayət qədər vacib olan strateji valyuta ehtiyatları isə bu dövrdə 2 milyard dollardan 80 milyard dollara çatıb. Əldə edilən uğurlar yeni dövrdə iqtisadi islahatların dərinləşməsi ilə daha da möhkəmlənməkdədir”.
Deputat bildirib ki, yeni dövrün yeni hədəfləri Azərbaycan iqtisadiyyatı üçün vacib imkanlar deməkdir.
“Yeni hədəflər kontekstində Azərbaycan iqtisadiyyatında islahatların dərinləşməsi, o cümlədən rəqabətin gücləndirilməsi, investisiya mühitinin daha da yaxşılaşdırılması, gizli iqtisadiyyatın aradan qaldırılması kimi strateji tədbirləri müşahidə edəcəyik. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni uğurlara imza ataraq inkişaf dinamikasını daha da gücləndirəcək”, - deyə V.Bayramov fikrini yekunlaşdırıb.
 
                                     
                                    