...

Bolqarıstanda təbii qaz tədarüklərinin şaxələndirilməsində Azərbaycanın oynadığı rol vurğulanıb

Energetika Materials 31 Oktyabr 2025 11:19 (UTC +04:00)
Bolqarıstanda təbii qaz tədarüklərinin şaxələndirilməsində Azərbaycanın oynadığı rol vurğulanıb
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Bakı. Trend:

Bolqarıstanda təbii qaz tədarükü mənbələrinin şaxələndirilməsində Azərbaycanın rolu və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində onun əhəmiyyəti vurğulanıb.

Trend xəbər verir ki, Sofiyada Hökumətlərarası Birgə Komissiyanın 7-ci iclası çərçivəsində keçirilən B2B görüşləri ilə müşayiət olunan Bolqarıstan-Azərbaycan biznes forumunda çıxış edən Bolqarıstan energetika nazirinin müavini İva Petrova forumun ikitərəfli əlaqələrin möhkəmləndirilməsi üçün daha bir imkan yaratdığını diqqətə çatdırıb.

“Azərbaycanla iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 7-ci iclası çərçivəsində formalaşmış əməkdaşlıq ruhu və səmərəli müzakirələr indi bu formatda davam edir. Azərbaycanla strateji əməkdaşlığımız yeni mərhələyə qədəm qoyub”, - deyə Petrova bildirib.

Nazir müavini qeyd edib ki, enerji sektoru iki ölkə arasında səmərəli əməkdaşlığın prioritet istiqaməti olaraq qalır.

Bolqarıstanın Kiçik və Orta Biznesə Dəstək Agentliyinin (BSMEPA) icraçı direktoru Boyko Takov isə sənaye avadanlıqları və texnikası, mühəndislik həlləri, qida və kənd təsərrüfatı emalı texnologiyaları, əczaçılıq, kosmetika və istehlak malları, logistika və nəqliyyat, həmçinin informasiya texnologiyaları və rəqəmsal keçid kimi digər perspektivli əməkdaşlıq sahələrini də vurğulayıb.

“Bizim ümumi məqsədimiz əlaqələri ticarətdən tərəfdaşlığa, idxal-ixracdan birgə investisiyalara, innovasiyalara və dəyər yaradılmasına doğru inkişaf etdirməkdir”,- deyə Takov əlavə edib.

Forumda 80 Bolqarıstan və 25 Azərbaycan şirkətinin nümayəndələri iştirak ediblər.

Qeyd edək ki, Bolqarıstan Azərbaycan qazını ötürücülük qabiliyyəti illik 3 milyard kubmetr olan Yunanıstan–Bolqarıstan interkonnektoru (IGB) vasitəsilə idxal edir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti