Bakı. Trend:
Yaşıl enerji sektorundakı əməkdaşlıq təkcə Bolqarıstan üçün deyil, bütün Avropa regionu üçün enerji təhlükəsizliyini gücləndirən mühüm amildir.
Trend Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, bunu nazir Məcnun Məmmədov Sofiyada İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Bolqarıstan Hökumətlərarası Komissiyanın 7-ci iclasında çərçivəsində Bolqarıstan-Azərbaycan biznes forumunda çıxışı zamanı bildirib.
Nazir Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən islahatlar barədə məlumat verib. Bolqarıstanı Azərbaycanın qlobal enerji layihələrində fəal iştirakçı adlandıran nazir bildirib ki, enerji, o cümlədən yaşıl enerji sektorundakı əməkdaşlıq təkcə Bolqarıstan üçün deyil, bütün Avropa regionu üçün enerji təhlükəsizliyini gücləndirən mühüm amildir. Nazir Məcnun Məmmədov əlavə edib ki, enerji ilə yanaşı, kənd təsərrüfatı, qida emalı, turizm və beynəlxalq yük daşımaları da daxil olmaqla, iqtisadi əlaqələri inkişaf etdirmək üçün əhəmiyyətli potensiala malik bir çox digər sektorlar da mövcuddur. Nazir iş adamlarını yeni əməkdaşlıq imkanlarını araşdırmağa çağırıb.
Bolqarıstan energetika nazirinin müavini İva Petrova isə qeyd edib ki, hər iki ölkənin maraqlarına uyğun olaraq müsbət inkişaf edən Azərbaycanla strateji əməkdaşlıq münasibətləri artıq yeni səviyyəyə çatıb. Bolqarıstan hökumətinin təbii qaz təchizatını şaxələndirmək və regionda enerji təhlükəsizliyini artırmaq istiqamətində Azərbaycanla mühüm əməkdaşlıq edir: “Avropa məqsədləri kontekstində bir-biri ilə əlaqəli və vahid ümumavropa qaz bazarının yaradılması üçün Bolqarıstan hökuməti qaz infrastrukturunun inkişafı, milli qaz ötürmə şəbəkəsinin genişləndirilməsi və qonşu ölkələrlə əlaqələrin genişləndirilməsində maraqlıdır. Bu istiqamətdə bizim Azərbaycanla tərəfdaşlığımız enerji müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsində əsas rol oynayır” - deyə Bolqarıstanın energetika nazirinin müavini vurğulayıb.
Forumda Azərbaycan və Bolqarıstan arasında qarşılıqlı investisiya və ticarət əlaqələrinin genişləndirilməsi və yeni əməkdaşlıq perspektivlərinin müəyyənləşdirilməsi müzakirə edilib.
Tədbirdə çıxış edən Bolqarıstan Kiçik və Orta Müəssisələrin Təşviqi Agentliyinin icraçı direktoru Boyko Takov, Azərbaycan Respublikası İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev Bolqarıstan və Azərbaycanda biznes mühiti, sahibkarlığın dəstəklənməsi istiqamətində görülən işlər barədə məlumat verib, hər iki ölkənin iqtisadi prioritetləri və xarici investorlar üçün yaradılmış imkanlar haqqında danışıblar.
Daha sonra Bolqarıstan və Azərbaycanda investisiya mühiti barədə təqdimatlar keçirilib.
Biznes forum çərçivəsində iş adamları arasında ikitərəfli görüşlər təşkil olunub, işgüzar əlaqələrin genişləndirilməsi imkanları müzakirə edilir.
 
                                     
                                    