Bakı. Trend:
Səhiyyə Nazirliyi tərəfindən mütəmadi olaraq paytaxtda və respublikanın müxtəlif regionlarında maarifləndirici tədbir və fleşmoblar keçirilir. Sumqayıt şəhərində təşkil edilən növbəti aksiya görkəmli oftalmoloq- alim, akademik Zərifə Əliyevanın anadan olmasının 101 illiyinə həsr olunub. Nazirliyin Əziz Əliyev adına Sumqayıt Tibb Kolleci ilə birgə keçirilən tədbirin əsas məqsədi əhali arasında ilk yardım bacarıqlarına yiyələnməsi, eyni zamanda bu sahədə maarifləndirmə işlərinin aparılmasıdır.
Nazirlikdən Trend-ə verilən məlumata görə, budəfəki tədbirdə kollecin müəllim və tələbə heyəti tərəfindən asfiksiya, kliniki ölüm, bədbəxt hadisələr zamanı həyatı təhlükəni ortadan qaldırmaq, həyatı funksiyaların bərpası və digər fövqəladə hallar zamanı ilkin tibbi yardımın göstərilməsi qaydaları əyani şəkildə nümayiş etdirilib. Eyni zamanda, maarifləndirici tədbir xəstə və ya yaralının vəziyyətinin pisləşməsinin qarşısını almaq, yaxşılaşmanı asanlaşdırmaq, peşəkar həkim gələnə qədər hadisə yerində yaralıya (xəsarət almış şəxsə) ilk yardımın göstərilməsi bacarıqlarının öyrədilməsi məqsədilə təşkil olunub.
Tədbir iştirakçılarına görkəmli alim oftalmoloq akademik Zərifə xanım Əliyevanın həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş olunub.
Sumqayıt Tibb Kollecin tələbələri və könüllülərin iştirakı ilə
İlk tibbi yardım - ikinci həyata addım” adlı fleşmob təşkil
olunub.
Fleşmobda kollecin tələbələri tərəfindən akademik Zərifə xanım
Əliyevanın doğun gününə həsr olunan 101 rəqəmi vizual olaraq
nümayiş etdirilib.
Həmçinin, “İlk tibbi yardım öyrən - həyat xilas et!” adlı
viktorina keçirilib. Sonda qaliblərə müxtəlif hədiyyə və mükafatlar
təqdim olunub.
Aksiya zamanı arzu edənlərin arterial təzyiqi və nəbzin tezliyi
ölçülüb. Həmçinin, kollecin tələbələri mulyaj və insanlar üzərində
ürəyin qapalı masajı, süni tənəffüsün verilməsi qaydalarını nümayiş
etdiriblər. Bundan əlavə, aksiya iştirakçılarına məlumatlandırıcı
bukletlər paylanılıb.
Maarifləndirici tədbir şəhər sakinlərinin böyük marağına səbəb
olub.
Qeyd edək ki, gələcəkdə Səhiyyə Nazirliyi maarifləndirici aksiya və fleşmobların respublikanın digər şəhər və rayonlarında da keçirilməsini planlaşdırır.