...

Səudiyyə İnkişaf Fondu Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıq edir - İcraçı direktor

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2024 19:38 (UTC +04:00)
Səudiyyə İnkişaf Fondu Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlıq edir - İcraçı direktor
Ləman Zeynalova
Ləman Zeynalova
Bütün xəbərlər

Ər-Riyad. Trend:

Səudiyyə İnkişaf Fondu Azərbaycanla nəqliyyat sahəsində əməkdaşlığa yönəlib.

Bu barədə Trend-ə Fondun Strategiya sektorunun icraçı direktoru Abdullah Əl-Sakran İslam İnkişaf Bankının Ər-Riyadda keçirilən illik toplantıları çərçivəsində deyib.

"Hazırda Azərbaycanla qarşılıqlı əlaqə Asiya ilə Avropanın birləşdirilməsi təşəbbüsü çərçivəsində həyata keçirilir. Azərbaycan Asiya ilə Avropa arasında əlaqəni təmin edir, ona görə də biz hazırda diqqəti nəqliyyat sektoruna yönəldirik", - deyə o bildirib.

Orta Dəhlizin inkişafı üzrə əməkdaşlığa gəlincə, o bildirib ki, bu, ölkənin ehtiyaclarından asılıdır:

"Azərbaycan hökuməti ilə əvvəlki müzakirələrimizə görə, biz yolların inkişafına diqqət yetirmişik. Bizim prioritetimiz ərzaq təhlükəsizliyi, iqlim dəyişikliyi, suyun idarə edilməsi və rəqəmsallaşma ilə bağlı hökumətlərlə qarşılıqlı fəaliyyət göstərməkdir. Biz bu sektorlar üzrə Azərbaycan hökumətindən istənilən müraciəti alqışlayırıq. Azərbaycan hökuməti öz prioritetlərini sadalasa, biz müzakirəyə hazırıq".

Abdullah Əl-Sakran qeyd edib ki, Fond inkişaf sahəsində əməkdaşlıq vasitəsilə ölkələrə kreditlər verir:

"Yollar ərzaq təhlükəsizliyinin elementlərindən biridir. Geniş mənada nəqliyyat sahəsində əməkdaşlıq həm də ərzaq təhlükəsizliyi, kənd təsərrüfatı, daşıma vaxtının azaldılmasını əhatə edir".

Qeyd edək ki, aprelin 27-dən 30-dək Ər-Riyadda (Səudiyyə Ərəbistanı) İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləzizin Əl Səudun kral himayəsi ilə İslam İnkişaf Bankı Qrupunun (İİB) illik toplantıları və qızıl yubileyi keçirilir.

2024-cü ildə keçirilən görüşlərin mövzusu “Keçmişə dəyər verərək, gələcəyin planlaşdırılması: orijinallıq, həmrəylik və tərəqqi”dir.

Tədbir çərçivəsində Azərbaycan hökumətinin nümayəndələrinin iştirakı ilə COP29 mövzusunda dəyirmi masanın keçirilməsi planlaşdırılır.

Qrupun illik görüşlərinin və Cənub-Cənub əməkdaşlığının aparıcı çoxtərəfli inkişaf bankı olan İİB-in qızıl yubileyinin beynəlxalq və regional diqqəti cəlb edəcəyi gözlənilir. İllik görüşlər hökumət, beynəlxalq və regional təşkilatlar, özəl sektor, elm və vətəndaş cəmiyyətinin yüksək səviyyəli nümayəndələrinin iştirakı ilə bir sıra əlavə tədbirləri əhatə edəcək.

Tədbirlərdə İİB-ə üzv 57 ölkənin iqtisadiyyat, planlaşdırma və maliyyə nazirləri, o cümlədən beynəlxalq və regional maliyyə institutlarının, İslam banklarının, özəl sektor şirkətlərinin, milli və beynəlxalq inkişaf maliyyə institutlarının, beynəlxalq və regional təşkilatların, QHT-lərin nümayəndələri, ticarət və sənaye palataları və biznes şuralarının nümayəndələri iştirak edəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti