...

Ermənistan geri çəkildi: kəndlərimiz azad olunacaq

Siyasət Analytics 19 Mart 2024 13:30 (UTC +04:00)
Ermənistan geri çəkildi: kəndlərimiz azad olunacaq
Elçin Alıoğlu
Elçin Alıoğlu
Bütün xəbərlər

Bakı. Trend:

"Bakı ilə delimitasiya və demarkasiya məsələlərini müzakirə etməkdən imtina etsək nə olacaq? İndi imtina etsək, həftənin sonunda müharibə olacaq deməkdir. Bu müharibənin də sonunda nə olacağını mən bilirəm. Sonra siz meydanda deyəcəksiniz ki, biz sadə kənd adamlarıyıq, biz bilmirdik belə olacaq, siz bilirdiniz. Ermənistanla Azərbaycan arasında delimitasiya və demarkasiya prosesi praktiki mərhələyə qədəm qoyur. Bizim siyasətimiz müharibənin qarşısını almaqdır".

Erməni jurnalist Voskan Sarkisyanın yazdığına görə, Ermənistan baş naziri Nikol Paşinyan Tavuş sakinləri ilə görüşündə belə deyib.

V.Sarkisyan görüşün təfərrüatlarını açıqlayıb.

Jurnalist görüşlə bağlı təassüratlarını bölüşüb:

“Əgər əvvəllər Nikol Paşinyan Voskeparda (Əskipara kəndində, - red.) isti qarşılanırdısa, bu dəfə onu çox soyuq qarşıladılar. Paşinyan zala daxil olanda zaldakıların yarısı yerlərindən qalxmağa belə lüzum görmədilər. Mədəniyyət Evində baş tutan görüşdə Voskepar, Bağanis və Voskevan kəndlərinin sakinləri iştirak edirdi. Görüşdə baş nazirin müavini Mher Qriqoryan, Tavuş qubernatoru Hayk Qalumyan, Noyemberyan icmasının rəhbəri Arsen Ağababyan, həmçinin Voskevan, Voskepar və Bağanis icmalarının rəhbərləri də iştirak ediblər”.

Jurnalist bildirib ki, iclas iştirakçıları Nikol Paşinyanın sözlərindən hiddətləniblər:

“Paşinyan kənd sakinlərinə bildirib ki, əvvəllər azərbaycanlıların yaşadığı 4 kəndin əraziləri Azərbaycana verilməlidir, əks halda müharibə başlayacaq . “4 kəndin təslim olmasından sonra Azərbaycanın bir daha sərhəddə irəliləməyəcəyinə, müharibəyə başlamayacağına dair hər hansı təminat varmı?” sualına cavab olaraq Nikol Paşinyan heç bir təminatın olmadığını deməklə kifayətlənib”.

Paşinyan deyib ki, bu 4 kəndlə bağlı 3 variant var: “Kəndləri təslim etmək, təslim olmamaq, ya da Azərbaycanla müharibə etmək. Sonuncu halda Türkiyə Azərbaycanın tərəfindən müharibəyə girəcək”.

“Görüş iştirakçıları hesab edirlər ki, Nikol Paşinyan Türkiyənin adını çəkməklə Voskepar sakinlərini qorxutmağa və kəndlərin təslim edilməli olduğuna inandırmağa çalışıb. Voskepar sakinləri 4 kəndin Azərbaycana verilməsindən sonra Ermənistanla Gürcüstan, İcevan və Noyemberyan arasında nəqliyyatın hərəkətinin pozulacağından narahat olduqlarını, baş nazir isə dağlardan keçən Yenokavan-Cucevan yolunun çəkiləcəyini bildirib”, - jurnalist yazıb.

Xatırladaq ki, N.Paşinyan ötən həftə delimitasiya prosesinin Tavuşdan başlayacağını istisna etməyib. Bundan sonra bu istiqamətdə yerləşən Bağanıs Ayrım, Qızılhacılı, Aşağı Əskipara və Xeyrimli kəndlərinin Azərbaycana təhvil veriləcəyi müzakirəsi qızışıb. Sözügedən kəndlər Qazax rayonunun bir hissəsidir.

Ermənistan mətbuatı baş nazirin sərhəd bölgəsində keçirdiyi görüşlərin gələcək təhvil-təslim prosesi ilə bağlı olduğunu yazır.

Paşinyanın görüş keçirdiyi Voskepar (tarixi adı Əskipara – red.) 1990-cı illərdə Ermənistan tərəfindən işğal edilən Azərbaycanın Yuxarı Əskipara kəndi ilə əsas hissəsi arasında yerləşir. "Voskepar" və digər bəzi ərazilərimizin sovet dönəmində qanunsuz şəkildə Ermənistana verilməsi Yuxarı Əskipara, Barxudarlı və Sofulu kəndlərini Azərbaycanın əsas hissəsindən ayıraraq eksklava çevirib.

Ermənilər Əskiparanı 1950-ci ildən “Voskepar” adlandırırlar.

Nikol Paşinyanın Tavuş rayonuna yollaraq Ermənistanla Azərbaycan arasındakı şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyası prosesinin mümkün qədər tez başlanmasında maraqlı olduğunu vurğulaması səbəbsiz fəallıq deyil.

Məsələ Paşinyanın dediyi kimi, guya “Azərbaycanın əks təqdirdə müharibəyə başlaya biləcəyi” yox, Ermənistanın məhz qaldığı ciddi risklərlə təhdidlər qarşısında çıxış yolu tapa bilməməsi, Fransanın və ümumiyyətlə, Qərbin genişmiqyaslı dəstəyi ilə bağlı ümidlərinin doğrulmamasıdır.

Avropa Parlamentində ötən həftə qəbul edilmiş odioz qətnamədən sonra Ermənistanın Avropa İttifaqına üzvlüyə namizədlik məsələsi ətrafında müzakirələr dəfələrlə sürətlənib.

Sözügedən sənəddə Avropa Komissiyasına həvalə olunmuşdu ki, Ermənistanın Aİ üzvlüyünə namizədlik məsələsini nəzərdən keçirsin.

Avropa İttifaqının xarici əlaqələr üzrə rəsmi nümayəndəsi Peter Stanonun dediyinə görə, Ermənistan indi Aİ-yə üzvlüklə bağlı ərizə ilə müraciət edə bilər: «Hər ölkə xalqı üçün daha yaxşı gələcəyə can atır».

Baş verənlərə Rusiyanın reaksiyası təbii ki, aydındır. Rusiya XİN-nin sözçüsü Mariya Zaxarova Ermənistana növbəti dəfə “Brüsselin vədlərinə inanmayaraq milli maraqlara uyğun hərəkət etməyi” məsləhət bilib.

Beləliklə, Avropa İttifaqı ermənilər qarşısında qapıları taybatay açmağa hazır olduğunu bəyan edir. Fəqət, Ermənistan rəhbərliyindəki şəxslərin fərqli, əksər hallarda bir-birinə zidd bəyanatlarını nəzərə alsaq, İrəvan bu qapılara yaxınlaşmağa cəsarət etmir.

Nikol Paşinyan ölkəsinin Avropa İttifaqına qatılması məsələsini ümummilli referenduma çıxarmağa hazırlaşır. Çox yəqin ki, səsvermə payızadək baş tutacaq.

Səsvermənin nəticələrinə görə, əksəriyyət Ermənistanın Qərbə meylli kursunu seçsələr, Paşinyan bütün məsuliyyəti xalqın üzərinə atacaq.

Lakin nə Paşinyan, nə də onun komandasınadakı şəxslər Ermənistanın KTMT, habelə Avrasiya İqtisadi Birliyi və Gömrük İttifaqını tərk edərək Rusiya ilə münasibətləri minimuma endirəcəyi təqdirdə ölkə iqtisadiyyatının hansı zərbələrə məruz qalacağını açıqlamırlar.

Rəsmi İrəvan ölkə iqtisadiyyatının “son dövrlərdəki sürətli inkişafı”ndan bəhs edir, lakin bu «inkişaf»ın bütünlüklə Rusiya ilə ticari dövriyyənin, daha doğrusu, Qərbin tətbiq etdiyi sanksiyalardan yayınmağa çalışan Moskvanın İrəvandan idxal üçün tranzit ərazi qismində istifadə etməsindən bəhs etmir.

Nikol Paşinyan anlayır ki, Ermənistan Aİ-yə üzv olmaq üçün ərizə ilə müraciət edən kimi Moskvanın cəza tədbirləri ilə qarşılaşacaq: həmin qərarlar hərbi, siyasi və iqtisadi müstəvilərdə olaraq İrəvan üçün fəlakətli sonuclar verə bilər.

Məhz bu səbəbdən Paşinyan Qərbin, ilk əvvəl Fransanın tələblərini yerinə yetirmək üçün Brüsselin ciddi dəstəyinə əmin olmaq istəyir.

Di gəl, Brüssel indi erməniləri Rusiyanın qəzəbindən və həmin qəzəbin nəticələrindən qorumaq üçün effektiv mexanizmlərə malik deyil.

Ermənistan rəhbərliyi onu da dərk edir ki, Azərbaycanla birbaşa, vasitəçilərsiz danışıqlarda sülh sazişinin imzalanmasına yönəlmiş prosesdə süni maneələr yaratmağa davam edərsə, prosesi mümkün qədər uzatmağa çalışarsa ciddi problemlərlə üzləşəcək.

Şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyasının təxirə salınması ilə bağlı cəhdlərin uğursuzluqla nəticələndiyini görən rəsmi İrəvan çıxış yollarının qalmadığını, Bakının şərtlərinin qəbul etməkdən yayınmağın variasiyalarının olmadığını da dərk edir.

Məhz bu səbəbdən N.Paşinyan Tavuş rayonundakı çıxışında yerli ermənilərə sərt mesajlar ünvanlayıb, onları hətta “müharibə təhlükəsi” ilə qorxudub.

Halbuki belə təhlükə yoxdur, Azərbaycan da Ermənistana qarşı hərbi əməliyyatlara başlamaq niyyətində deyil.

Sadəcə olaraq, N.Paşinyan Rusiyanın, İranın, Fransanın, Avropa İttifaqının və ABŞ-ın fasiləsiz artan təzyiqləri qarşısında mümkün olan ən optimal variantı seçdiyini düşünür.

Həmin variant hələ də erməni işğalında olan 8 kəndimizin azad edilməsi prosedurlarına başlamaq və ilkin mərhələdə Qazax rayonunun 4 kəndinin statusunun ədalətli şəkildə dəyişdirilməsiən start verməkdir.

Bu mərhələni İrəvan sülh danışıqları gündəliyinə daxil etmək üçün ötən ilin ortalarından bəri çalışsa da, səyləri nəticəsiz qalıb.

Sülh sazişi Nikol Paşinyan hakimiyyəti üçün taleyüklü məsələyə çevrilib: İrəvan Bakı ilə bu sənədi imzalayaraq dövlətlərarası münasibətlərin yaradılmasına, kommunikasiyaların bərpasına, şərti dövlət sərhədinin demarkasiyası və delimitasiyasına başlamazsa, Ermənistan üzləşəcəyi risklərlə çağırışların öhdəsindən gələ bilməyəcək.

Ermənilər əsrlərdən bəri qurduqları mənhus və çirkin planların yaratdığı tələyə düşüblər.

Öz tələlərinə...

Xəbər lenti

Xəbər lenti